Suriya İraq sərhədində səfərbərlik elan edib
Suriya ordusu İraq sərhədində yerləşən hərbi hissələrdə tam səfərbərlik elan edərək döyüş hazırlığı səviyyəsini maksimum həddə çatdırıb, bütün məzuniyyətdə olan hərbçilər xidmət yerlərinə geri çağırılıb.
Crossmedia.az xəbər verir ki, "Sözcü" bu barədə məlumat yayıb.
Məlumata görə, xüsusilə strateji əhəmiyyət daşıyan Deyr əz-Zor bölgəsində yerləşən Birinci Korpus Komandanlığının bütün hərbçilərinə bazalarına qayıtmaq göstərişi verilib.
Hərbi mənbələrin bildirdiyinə görə, İraq sərhədində xidmət aparan bölmələrdə döyüş hazırlığı ən yüksək səviyyəyə qaldırılıb. Deyr əz-Zor və ətrafında hərbi aktivliyin artdığı, bölmələrin hazırlıqlarını gücləndirdiyi qeyd olunub.
Rəsmi qurumlar sərhəddə görülən fövqəladə tədbirlərin səbəbi ilə bağlı hələlik açıqlama verməyiblər. Bununla belə, son aylarda təhlükəsizlik riskləri və yerli gərginliyin artdığı bu bölgə strateji cəhətdən həssas ərazi hesab olunur.
Ekspertlərin fikrincə, ordunun atdığı addımlar İraq sərhədində mümkün təhlükələrə, silahlı qruplaşmaların fəallaşmasına və sərhəd təhlükəsizliyini təhdid edə biləcək risklərə qarşı qabaqlayıcı müdafiə tədbiri ola bilər.
Hazırda Suriya ordusunun sərhəd xətti boyunca yüksək döyüş hazırlığı rejimi davam edir.
11:26 05.08.2026
Oxunuş sayı: 56