Bir qərar minlərlə işçinin taleyini dəyişə bilər – İcbari sığortada mühüm yeniliklər
Peşə fəaliyyəti zamanı sağlamlığına zərər dəyən şəxslərin hüquqlarının daha etibarlı qorunması istiqamətində növbəti mühüm addım atılıb. Peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı icbari sığortaya dair yeni Qaydalar təsdiq edilib. Yeni sənəd sığorta hadisələrinin qiymətləndirilməsi, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən olunması və sığorta ödənişlərinin hesablanması mexanizmini daha şəffaf və vahid prinsiplər əsasında tənzimləməyi hədəfləyir. Mütəxəssislər hesab edirlər ki, dəyişikliklər həm zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini gücləndirəcək, həm də işəgötürənlərlə sığortaçılar arasında münasibətlərin daha aydın hüquqi çərçivədə formalaşmasına imkan verəcək. Eyni zamanda, yeni qaydaların tətbiqi sığorta sisteminə inamın artırılması və hüquqi mübahisələrin azalması baxımından da mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı icbari sığortaya dair yeni qaydaların əsas məqsədi sığorta hadisələrinin qiymətləndirilməsi və sığorta ödənişlərinin hesablanması mexanizmini daha dəqiq, şəffaf və vahid prinsiplər əsasında tənzimləməkdir.
Onun sözlərinə görə, son qanunvericilik dəyişiklikləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, birdəfəlik sığorta ödənişinin hesablanması, sığorta risklərinin tənzimlənməsi, eləcə də ayrı-ayrı sığorta olunan kateqoriyaları üzrə sığorta haqlarının ödənilməsi mexanizmlərinin dəqiqləşdirilməsi istiqamətində hüquqi bazanı təkmilləşdirir.
Professor qeyd edib ki, əvvəlki mexanizmdə bəzi məsələlər daha ümumi şəkildə tənzimlənirdisə, yeni qaydalar hüquqi müəyyənliyi artırmaqla yanaşı, peşə əmək qabiliyyətinin itirilməsi hallarının qiymətləndirilməsi zamanı vahid yanaşmanın formalaşdırılmasına və subyektivliyin minimuma endirilməsinə xidmət edir. Bu isə həm sığorta münasibətlərinin daha aydın tənzimlənməsinə, həm də sistemə inamın güclənməsinə şərait yaradır.
R.Sabirin sözlərinə görə, dəyişikliklər peşə fəaliyyəti zamanı sağlamlığına zərər dəymiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin daha aydın meyarlarla müəyyən edilməsi zərərçəkmiş şəxslərin hüquqlarının daha etibarlı qorunmasına imkan verəcək, sığorta ödənişlərinin hesablanması mexanizminin dəqiqləşdirilməsi isə kompensasiya prosesində şəffaflığı və obyektivliyi artıracaq.
Ekspert bildirib ki, yeni qaydalar yalnız sığorta olunanların hüquqlarının müdafiəsini gücləndirmir, eyni zamanda işəgötürənlər və sığortaçılar üçün də hüquq və öhdəliklərin daha aydın müəyyən edilməsinə xidmət edir. Bu baxımdan, sığorta hadisələrinin rəsmiləşdirilməsi və ödənişlərin həyata keçirilməsi prosesində hüquqi mübahisələrin azalacağı, qərarların qəbulunda vahid yanaşmanın formalaşacağı gözlənilir.
Professorun fikrincə, yeni qaydaların real səmərəliliyi yalnız normativ bazanın təkmilləşdirilməsi ilə məhdudlaşmır.
Onun sözlərinə görə, gözlənilən nəticələrin əldə olunması peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin obyektiv qiymətləndirilməsindən, tibbi ekspertiza prosesinin şəffaf təşkilindən, aidiyyəti dövlət qurumları ilə sığortaçılar arasında məlumat mübadiləsinin operativ həyata keçirilməsindən və sığorta ödənişlərinin vaxtında təmin edilməsindən asılı olacaq. Bu şərtlər yerinə yetirildiyi təqdirdə, yeni qaydalar icbari sığorta sisteminin səmərəliliyinin artırılmasına, sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə və əmək münasibətlərində hüquqi təminatın daha da möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
Zeynəb Həsən
12:30 05.08.2026
Oxunuş sayı: 89