Ermənistan “iki od arasında” qalıb: Paşinyan nə zaman seçim edəcək?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının faktiki olaraq iflic vəziyyətində olduğunu bəyan etməsi İrəvanla Moskva arasında iqtisadi münasibətlərdə yaşanan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Paşinyanın alternativ istiqamətlər axtarmaq mesajı isə Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistan uzun illərdir xarici siyasətdə aydın strateji xətt formalaşdıra bilməyib və bu, ölkənin əsas problemlərindən biridir: "Rəsmi İrəvan ilk növbədə öz xarici siyasət vektorunu dəqiq müəyyənləşdirməlidir. Müstəqillik qazandıqdan sonra Ermənistanın xarici siyasətində ardıcıl və aydın strategiya müşahidə olunmayıb. Nikol Paşinyan hakimiyyəti dövründə də bu qeyri-müəyyənlik davam edir".
Ekspert qeyd edib ki, Ermənistan eyni vaxtda müxtəlif geosiyasi mərkəzlər arasında balans yaratmağa çalışsa da, bu siyasət uzunmüddətli perspektivdə uğurlu nəticə verməyəcək:
"Əgər Ermənistan Avropa istiqamətini seçirsə, bunu açıq şəkildə bəyan etməli və Avrasiya İqtisadi İttifaqındakı gələcək fəaliyyəti ilə bağlı da konkret qərar verməlidir. Həm bir platformada, həm də digərində eyni vaxtda qalmağa çalışmaq davamlı siyasət sayıla bilməz".
T.Abbasov vurğulayıb ki, Azərbaycanın xarici siyasəti bu baxımdan fərqli model üzərində qurulub:
"Azərbaycan heç bir güc mərkəzinə bağlı siyasət yürütmür. Ölkəmiz həm Şərq, həm Qərb, həm də müxtəlif beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və çoxvektorlu xarici siyasət həyata keçirir".
Politoloq bildirib ki, Ermənistanın əsas diqqəti siyasi deyil, iqtisadi problemlərin həllinə yönəlməlidir:
"Hazırda Ermənistanın prioriteti iqtisadi inkişaf və böhrandan çıxış yollarının müəyyənləşdirilməsi olmalıdır. Ölkədə ciddi sosial-iqtisadi problemlər mövcuddur və ilk növbədə anti-böhran proqramlarının həyata keçirilməsinə ehtiyac var".
O, qeyd edib ki, regionda yeni əməkdaşlıq imkanları Ermənistan üçün də əlavə perspektivlər yarada bilər:
"Azərbaycan regionda kommunikasiyaların açılması və sülh prosesinin irəliləməsi istiqamətində çağırışlar edir. Bu imkanlardan istifadə etmək Ermənistanın da maraqlarına cavab verə bilər. Ermənistan gələcək inkişaf strategiyasını aydın şəkildə müəyyənləşdirməlidir. Ermənistan müharibə səhifəsini bağlamalı, uzunmüddətli hədəflərini dəqiqləşdirməli və hansı istiqamətdə inkişaf etmək istədiyini açıq şəkildə müəyyən etməlidir. Yalnız bundan sonra ölkənin davamlı inkişaf modeli formalaşa bilər".
Nigar Xəlilli
16:30 30.07.2026
Oxunuş sayı: 44