İran “Quymaq yesə də düzəlməz”
Təbrizlilərin klassik misalı ilə başladıgım bu təhlilin əsas obyekti Güney Azərbaycanın milli qüvvələri, demokratik və dünyavi dövlət qurmaq istəyən insanlarıdır.
Məlumdur ki, İran adlanan ölkədə bir «qatil dövlət» hakimiyyət edir. Bu qatil dövlət 1979-cu ildə başqa bir qatil dövləti əvəz etdi. Son 47 ildir ki, insanlara təlqin olunur ki, “siz buna layiqsiniz” və bundan artığı ola bilməz. “Ya şah, ya da şeyx”. Şeyxçilər pəhləvilərin cinayətindən, əxlaqsızlıgından danışaraq özlərinə bəraət qazandırırlar, pəhləviçilər də molla rejiminin qətilləri və repressiyalarını göstərərək özlərini təmizə çıxarırlar. 90 milyon insan da ölkədə qalıb məəttəl kimə inansın və nə etsin? Yəni bu ölkədə doğurdan da sağlam və dünyəvi qüvvələr yoxdur?
Hər iki tərəfin düşüncələri və atdıqları addımlar o qədər primitivdir ki, dərin analizə də ehtiyac yoxdur. İran İslam Respublikası 1979-cu il inqilabı zamanı insanlarda yaranmış ruh yüksəkliyini boğmaq, bitirmək üçün İraqla müharibə başlatdı.
İran–İraq müharibəsi 22 sentyabr 1980-ci ildə, fevral inqilabından il yarım sonra başladı və 20 avqust 1988-ci ilə qədər davam etdi. Səkkiz illik müharibənin sonunda, sərhəd mübahisələri və Şəttül-Ərəb boğazı üzərində nəzarət uğrunda baş verən bu hadisələrin nəticəsində tərəflər yenidən 1975-ci il Əlcəzair sazişinə qayıtmaq barədə razılığa gəldilər. Rəsmi məlumata əsasən müharibədə 188 015 əsgər, könüllü və mülki şəxs öldürüldü . Rəsmi olmayan məlumatlara görə 800 000 nəfərin öldüyü güman edilir. İqtisadi sahədə itkilər 500 milyard ABŞ dollarından artıq olduğu bildirilir.
Nəticədə, hər nə oldusa sadə insanlara oldu, millətin “beli qırıldı”, bütün milli qüvvələr, düşünən insanlar, xalqın passionar təbəqəsi ya müharibəyə səfərbər edilərək orada cəzalandırıldılar, ya da ölkədən mühacirət etmək məcburiyyətində qaldılar. Fədakar və iradəli insanlar da ölkə daxilində mübarizə etmək istədikdə yenicə formalaşan İslam Respublikası repressiya aparatının qurbanlarına çevrildilər.
İndi də həmin oyunu oynayırlar. ABŞ hərbi qüvvələrinə və İsrail hücumlarının qarşısına xalqı əli boş göndərməklə “vətənpərvərlik” nümayiş etdirirlər ki, “vətənini sevirsənsə get müharibədə öl” Nəticədə, əgər İran İslam Respublikası indi başlatdığı müharibədə bir milyon insanı ölümə versə yenidən molla rejiminin 30-40 il ömrü uzanar. Bunu bilmək üçün dərin təhlillər etməyə ehtiyac yoxdur. İran hökuməti də bilir ki, ABŞ qüvvələrinə cavab verə bilməz, necə ki, Səddam Hüseyinin hərbi qüvvələrinə cavab verə bilməmişdi. Ancaq nəticədə Xomeyni Səddamla sülh müqaviləsi olaraq “zəhər camını” içmişdi. İndi də “zəhər camını” içəcəklər, millətin “bir milyon” övladını ölümə verdikdən sonra...

Görün, indi “qız tərəfi” nə deyir...Yeni qurulacaq iran modelinin “arxitektoru” hesab edilən, qatil Məhəmməd Rzanın oglu Rza deyir ki, “Mənim atamla düşmən olmuş İranın sol siyasi qüvvələri də indi mənim yanımdadırlar.” Eşidənlər də hesab edir ki, başlı-qulaqlı adamdır, yəqin ki, düz deyir. Bir qədər mahiyyətə diqqət yetirdikdə məlum olur ki, 40-50 il öncə İran siyasi meydanında adı çəkilən və hazırda çoxdan dünyasını dəyişmiş siyasi şəxsiyyətlərin nəvə və nəticələrini tapıb onlarla görüşlər keçirir, şəkillər çəkdirir və onları öz komandasında oldugunu göstərir.
İranda müxalifət adlanan Rza Pəhləvi düşərgəsinə nəzər salaq. Bu Rza öz siyasi mövqeyini molla rejiminin repressiyaları üzərində qurur və bir qrup özü kimi, 1979-cu ildə İrandan çox böyük pulla xaricə qaçmış feodallarla birlikdə koalisiya yaratmaq niyyətindədir. Əllərində olan sərvətdən istifadə edərək xeyli marginal adamları da ətraflarına toplaya biliblər. Lakin həm iqtidar, həm də müxalifətin bir ideoloji platforması olmalıdır və insanlar da gözləyir ki, görək bu Rza Pəhləvi nə deyir və nə istəyir? Molla rejimi klassik islamdan uzaq da olsa “islam respublikası” qurur. Bəs Rza Pəhləvi nə qurmaq istəyir?
Pəhləvi sistemli olaraq İran İslam Respublikasının cinayətkar rejim olduğunu deyir və başqa bir şey demir. Məgər Məhəmməd Rza Pəhləvi cinayətkar deyildi? Azərbaycanlıların 1946-cı ildə kütləvi qırğını, siyasi qüvvələrin zindanlarda çürüməsi, asılması və təqib olunması unudulmayıb. Onun ailə üzvləri indiyə qədər İran xalqlarının qarət olunmuş pullarını xərcləyir və Amerika küçələrində böyük mühafizəçi dəstəsi ilə gəzirlər. Rza Pəhləvi vahid müxalifət adından danışaraq özünü lider olaraq təqdim etmək istəyir. Görünür başına “tac qoyma” mərasiminin niskilini yaşayır. Müsəlman İran xalqını “islamdan” azad etmək istəyir.

Məsələyə diqqət yetirdikdə məlum olur ki, İran İslam Respublikası üçün də Pəhləvi müxalifəti çox uyğun gəlir. Rzanın atasından, ölkədəki məhrumiyyətdən danışırlar və İslam Respublikasının keçən 47 ildə etdiklərini müvəffəqiyyət olaraq göstərirlər. Pəhləvilərin edamlarından və qətllərindən danışmırlar, çünki özləridə qatildilər. Məhəmməd Rza Pəhləvinin Bəhailik təmaüllərindən danışmırlar, çünki, özləri də ənənəvi islamı pis günə qoyublar, Pəhləvilərin diktaturasından danışmırlar, çünki, özləri də diktatura qurublar.
Xalq içində səslənən“Pəhləvi bişərəfdi...” şüarı molla rejiminin çox xoşuna gəldi və inisiativi əllərinə alaraq bu prosesi dəstəklədilər. Çünki, əgər hadisələri axınına buraxsaydılar şüarın davamı pis gələcəkdi. Rza Pəhləviyə də müxalifət olaraq İran molla rejimini pisləmək çox uyğun gəlir. Bu tərəflərin heç biri biri-birini kütləvi qətliamlarda iddiam etmir, çünki, hər ikisi qatildir. Bunlar biri-birini qarətlərdə də ittiham etmirlər, çünki hər ikisi qarətçidirlər. Molla rejimi özlərini İslam respublikası adlandırsa da klassik islamdan bir əsər-əlamət qalmayıb. Pəhləvilərin də hakimiyyəti illərində Bəhailik təbliğ olunurdu ki, indiki Rza Pəhləvi yəhudiliyi daha üstün hesab edir.
Baxın bizim günümüzə... Özlərini münəccim hesab edən bir qrup molla hər il bir oyun çıxarırlar. XXI əsrin ortalarına çatırıq ancaq İran ictimaiyyətinin gündəmində olan mövzu şabanın dördü ilə beşinin arasında olan qalmaqaldır. 2022-ci ilin mart ayının 4-də “Sirat.az” saytı xəbər verir ki, “Bu gün, martın 4-ü Azərbaycanda şaban ayının ilk günüdür. Ayətullah əl-Üzma Seyyid Əli Sistani şaban ayının ilk gününün mart ayının 5-i olduğunu bildirib. Seyyid Sistani bu gün rəcəbin 30-u olmasını deməsi İraq və onunla eyni üfüqdə olan ölkələr üçün keçərli sayılır. Hətta fəqihin Avropadakı nümayəndəliyi Avropa üçün martın 4-nü şabanın 1-i olaraq elan edib. Lakin Azərbaycanın üfüqi İranla uyğun gəlir. Bu səbəbdən də bu gün ölkədə şaban ayının 1-dir.” Göründüyü kimi problem nə şabandadır, nə də ramazanda. Məsələ, kimin sözünün keçərli olmasındadır.

Odur ki, İranda üçüncü tərəf axtaranların vəziyyəti heç də yaxşı deyil. Məsələn, İran İslam Respublikasında, eləcə də İranın son ikiyüzillik tarixində “seyidlər institutu” mühüm rol oynayıb. İranın siyasi elitasında çox böyük bir “seyidlər” dəstəsi var ki, ölkənin taleyi məsələlərində həmişə aktiv iştirak ediblər. Bu seyidlər istənilən zaman ayatullah Təbrizi, İsfahani, Bəlxi, Xalxali, Nəcəfi, Məşədi və ya Herati ola bilirlər. Yəni milli olmayan, vahid, islamda fərqlilik yaradan doktrinanı irəli sürən və klan münasibətlərinə sadiq olan şəxslərdirlər. Əlbətdə ki, bütün seyidləri bu qrupa daxil deyillər. Seyid Cəfər Pişəvəridən tutmuş Mir Qasım Çeşmazərə, Mir Vahab Əfqəmiyə qədər Azərbaycanın milli hərəkatına həyatlarını qurban vermiş seyidlər də var. İran İslam Respublikasının zindanında olarkən Mir Vəhab Əfgəmiyə hər cür təzyiqlər etdikdən sonra anlayırlar ki, bu iradəli şəxsiyyətdir və sınan deyil. Bir zindan axundu ondan soruşur ki, “Əfgəmi sən niyə namaz qılmırsan, sən ki, seyidsən?” O cavab verir ki, “mən bura gəlməzdən öncə namazın həbbini atıb gəlmişəm”. Bu cavaba görə onu edam etdilər.

Bəzi, lirik-romantik düşüncəli həmvətənlər hər iki “qatil” sistemin arasında çarəsiz qaldıqda, üçüncü tərəf axtarışı ilə ümid verəcək bir qüvvəni tapıb müəyyənləşdirməyə çalışırlar. Kimlərdir bu qüvvələr? - Təbriz Ticarət Palatası. Gözünüz aydın olsun ay Təbrizlilər…
Qacarlar dövründə, 1906-cı ildə, Azərbaycanda məşrutə hərəkatının ilk nailiyyəti olaraq yarandə bu Təbriz Ticarət Palatası (o zaman ticarət məclisi). Bu təşkilat İran cografiyasında ilklərdən biri oldu. Məqsəd, milli burjuaziyanın dəstəklənməsi, milli burjuaziyanı Tühran hakimiyyətindən və Tehranın “iri buynuzlu” sərmayəsindən qorumaq olsa da nəticədə bir şey çıxmadı. Milli burjuaziya yaranmadı, ilk fürsətdə yerli tacirlər Tehrana köçür və daha geniş arealda fəaliyyət etməyə çalışırdılar. Odur ki, bu ticarət palatası heç vaxt bir təşkilat olaraq İran cografiyasında söz sahibi olmayıb və bu gün də deyil.
Təbriz Ticarət palatası və onun simasında Azərbaycan Milli Burjuaziyası məşrutə dövrü fəaliyyəti, Xiyabaninin “Azadistan” hərəkatında mövqeyi, Pişəvərinin 21 Azər hərəkatında özünü necə göstərdiyi geniş bir araşdırma tələb edir. Lakin dəqiq məlumdur ki, bu təşkilat Fevral (1979) inqilabında “Şəriətmədari” cinahında yer tutdu və uduzdu.
1991-ci ildən müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlıq etmək güneydə hər bir Azərbaycan tacirinin böyük arzusu idi. Xalqının azad olunmuş ərazilərinə qonaq getmək, qardaş toyunda iştirak etmək, xeyir işlərə mübarək olsun demək, dünyasını dəyişən əzizlərimizin hüzüründə iştirak etmək millətimizin tarixi ənənələridir. Araz üstündə Azərbaycan əsgərini görən güneylilər ən az bizim qədər qürurlanırdılar. O illərdə Qarabağın işğal altında olması güneyliləri də bizim qədər narahat edirdi.
Lakin, güneyli tacirlərin Azərbaycanla əməkdaşlığı, Təbriz Universitetlərinin Azərbaycan Universitetləri ilə həmkarlığı, ədəbi yaradıcılıq əməkdaşlığı, poetik məclislərin yaradılması arzu olaraq qaldı. İran İslam Respublikasının bakıdakı səfirliyi və onun marginallaşdırılmış Azərbaycan əsilli əməkdaşları 90-cı illərin əvvəllərində Bakıya gəlmiş və ilk addımlarını atan tacirlərə xəbərdarlıqlar göndərməyə başladılar. Açıq-açığına deyirdilər: “Hara gedirsiz, kiminlə işləyirsiniz sizi dəstəkləyəcəyik, fəqət Azərbaycandan başqa. Ermənistan, Rusiya, İraqla ticarət edin sizə güzəştli kreditlər verək və s.”
Oxumağa gələn tələbələrə səfirlik məmurları birinci mərhələdə “sizin diplomunuz tanınmayacaq” deyirdilər və təbii ki, xeyli insan bu səbəbdən geri çəkilirdi. Qorxmayıb təhsilini davam etdirənlərə viza vermir, passport qeydiyyatı etmir və ölkədən çıxış icazələri verilmirdilər. Bununla da həyatı ağırlaşan gənclər bir ildən sonra təhsillərini yarımçıq qoyub getməli olurdular.
Səfirlik əməkdaşları böyük həvəslə Bakı ziyalılarını Məşəd ziyarətinə dəvət edir, xərcini ödəyir, “hətta istəsən yol üstü iki-üç gün Tehran səhərinə ekskursiyalar” da təşkil edirdilər. Bir dəfə söhbət arası “Bəlkə Təbriz Universitetinə də yol üstü gedək” deyən Bakının Universitet professoruna cavab vermişdilər ki, “onu edə bilmərik. Məşəd Universiteti, Tehran və Şiraz Universitetlərinə səfər təşkil edə bilərik. Lakin Təbriz Universitetinə getmək olmaz.”
Bir dəfə İran səfirliyində ziyarət proqramı çərçivəsində bir Azərbaycanlı deyəndə ki, “bizim “Məşədimiz” Ərdəbildir, “Kərbəlamız” Urmiyadır, “Məkkəmiz”də Təbrizdir…” səfirlik məmurları dəhşətə gəlmişdilər, sakitcə dəftər-kitablarını bağlayıb dəvətliləri səfirlikdən çıxardılar və bir daha belə səhv etmədilər. deyilənlərə görə konsulu da geri çağırdılar.
İranda da, əgər başın dinc olsun istəyirsənsə və tacir, alim, şair, yazıçı, musiqiçisənsə “Bakıya getməməlisən” deyə rəsmi mövqe mövcuddur. Əlbətdə ki, hamı tərəfindən buna riayət olunmur. Lakin səfirlik buna nəzarət edir.
Dəfələrlə “Ermənistanla ticarət edin” tapşırıqları güneydə Azərbaycanlı tacirlərə də edilmişdi. 2023-cü ilin 15 fevralında Təbriz Ticarət Palatasının sədri: "Özəl sektor Ermənistanla ticarət imkanlarına etinasız yanaşır" deyə yaxasını kənara çəkir. Rəsmi dövlət siyasətinə açıq-açığına müxalifət etmək olmazdı, lakin hər bir Azərbaycanlı üçün Ermənistanla ticarət etmək vətən övladının qatilləri ilə əməkdaşlıq etmək demək idi.
2021-ci ilin yanvarın 14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında görüş keçirildi. Təsəvvür edin ki, 44 günlük müharibədən sonra sevinc və qüruruna güc gələ bilməyən Təbrizin iş adamları Azərbaycan Respublikasının rəsmiləri ilə görüşmək, sevinclərini bölüşmək, təbrik etmək üçün addım atdılar. Görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə yalnız onlayn olaraq baş tutdu. Nümayəndə heyətinin Bakıya gəlməsinə icazə verilmədi.
Görüşü Məmməd Musayev açaraq, Azərbaycan prezidenti İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.
Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək, Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verdi. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildirdilər. Nəticədə nə oldu?
12 sentyabr 2023-cü il tarixində İRNA xəbər verir ki, Təbriz Ticarət Palatasında “Azərbaycan Respublikasının ticarət masası” yaradılıb. Təbriz Ticarət Palatasının beynəlxalq məsələlər üzrə rəhbəri Şahbazi Təbriz Palatasında Rusiya, Qazaxıstan və Gürcüstan ölkələrinin ticarət masalarının yaradılmasına işarə edir və ötən illərdə vilayətdə Azərbaycan Respublikasının ticarət masası çərçivəsində görülən işləri yüksək qiymətləndirərək deyir: «Azərbaycan Respublikasının ticarət masası Təbriz Palatasının dördüncü ticarət masasıdır ki, bu ölkə ilə ticarətin problemlərini qiymətləndirmək və mövcud maneələri aradan qaldırmaq üçün həll yollarını, Azərbaycan masasının üzvləri öz təkliflərini yazılı şəkildə ticarət masasının katibliyinə təqdim edə bilərlər”. Diqqət edin ki, 120 illik Təbriz Ticarət palatasında 2023-cü ildə Azərbaycan iş adamları üçün “masa” açılıb və bu masa Rusiya, Qazaxıstan və Gürcüstandan sonra açılıb. Əsas məsələ də odur ki, qarşılıqlı problemləri danışaraq, müzakirə edərək, operativ həll etmək mümkün deyil, yalnız yazılı şəkildə təqdim olunmalı və xüsusi icazələr alındıqdan sonra icra edilməlidir.
Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə, 2024-cü ilin 12 noyabırında keçirilən 28-ci Qeyri-neft İxracatının İnkişafı Milli Konfransında İranın iqtisadi vəziyyəti və Şərqi Azərbaycan vilayətinin qarşısında duran çətinliklərdən danışıb. O, ölkənin iqtisadi sahədə yeni bazarların inkişafı istiqamətində atdığı addımları qeyd edərək bildirib ki, "Qlobal bazarlara çıxış üçün FATF-yə qoşulmaq məcburiyyətindəyik. Qlobal ticarət qaydaları futbol qaydalarına bənzəyir, əgər beynəlxalq səhnədə iştirak etmək istəyiriksə, bu qaydaları qəbul etməliyik." O, vilayətə investisiya qoyuluşu ilə bağlı maneələrin aradan qaldırılması üçün bərpa olunan enerji stansiyalarının yaradılması ilə yanaşı, Araz çayından Təbrizə suyun ötürülməsi və Rusiya qaz şəbəkəsinə qoşulma kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Təbriz Ticarət Palatasının üzvü Məsud Benabian isə vilayətdə investisiya mühitinin problemlərinə toxunaraq, vilayəti tərk edən 12 yerli investorla əlaqə saxladığını və onların əksəriyyətinin “mədəni mühit” ilə bağlı narahatlığını ifadə etdiyini bildirib. Bu çıxışlar Təbriz Ticarət Palatasının mövcud çətinliklərini, sıxıntılarını aydın şəkildə ifadə edir.
İran daxilində insanlar arasında bir qorxu mövcuddur. İranda insanlar “dinsiz və imansız şəxslərin” hakimiyyəti sənə nə deyəcək və necə davranacagı bilinmir. Kiçik bir məsələyə görə səni edam da edə bilərlər, kiçik bir təmbehlə da canını qurtara bilərsən. Ölkədə riyakarlıq ayaq tutub yeriyir. Bir müxbir mollaya sual verir ki, “Siz etiraf edirsiniz ki, 90-cı illərin əvvəllərində minlərlə insan günahsız yerə edam olunublar?” Molla cavab verir ki, “belədirsə, niyə narahat olursunuz, deməli onların hamısı cənnətə gedib”.
Qasım Süleymani jurnalistlərə müsahibəsində deyirdi ki, “mən Xamineyinin gözündən axacaq bir damla yaşa görə İranda bir milyon insanın ölümünə fərman verərəm”. Odur ki, bu vəhşi hökumətin əməllərindən insanlar arasında bir daxili qorxu mövcuddur. Belə olan halda üçüncü qüvvələri axtarmağın mənası yoxdur.
Son bir ildə İran dövlətinin qeyri insani mahiyyətinin “beli qırılıb”. Əsas məsələ o deyil ki, bu beli şeytan qırıb yoxsa iblis. İrana atılan bombaları İsrail atır, Amerika atır, ya da allahın cəzası olaraq atırlar, bilmək olmaz. Əsas odur ki, artıq “İran quymaq yesə də düzəlməz”.
14:30 29.07.2026
Oxunuş sayı: 54