Gənc Peyğəmbər Hz.İbrahim
1. Qurani-Kərimdə Hz.İbrahimin gənclik dönəmi
Hz. İbrahim yəhudi, nəsrani (xristian) və müsəlman xalqlarının mədəniyyət tarixində çox mühüm əhəmiyyətə malik olan Böyük Peyğəmbər (Ulul-Əzm) olduğu üçün, onun barədə Tövrat kitabında, bir çox qədim yəhudi mənbələrində, müsəlman tarixçilərinin əsərlərində kifayət qədər məlumatlar vardır. Qurani-Kərimdə də Hz. İbrahim haqqında 65 ayədə məlumat keçir. Lakin, biz müsəlman tarixçilərinin əsərlərini oxuyanda, orada Hz. İbrahim haqqında verilən müxtəlif məlumatların (Qurani-Kərim, Tövrat, Talmud, bir çox qədim yəhudi mənbələri, rəvayətlər, folklor nümunələri və s) bir-birinin içinə girdiyini və qarışdığını görürük. Bu ənənənin bu gün də davam etdiyini görürük. Çünki bəzi müsəlman tədqiqatçıları fikirləşirlər ki, Hz. İbrahim haqqında daha geniş məlumat əldə etmək üçün, Qurani-Kərimdən başqa məlumatlara istinad etmək mümkündür. Əslində, bu yanlış metodologiyadır. Peyğəmbərlərin həyatı və buna oxşar digər məsələlərlə bağlı araşdırmalarda ən doğru metodologiya, Qurani-Kərimə istinad və müasir ciddi elmi araşdırmaların təsdiqlənmiş nəticələri hesab olunmalıdır. Çünki Qurani-Kərim Hz. İbrahim barədə məlumat verən əvvəlki məlumatları bir neçə yerdə təkzib edir və Hz. İbrahimin yəhudilərdən, nəsranilərdən, müşriklərdən olduğunu iddia edənlərə qarşı bəyan edir:
“Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız? Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barəsində də höcətləşirsiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barəsində höcətləşirsiniz? Allah bilir, siz bilmirsiniz! İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır. Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və bunu da hiss etmirlər.” (Ali İmran 65-69).
***
Hz. İbrahim bütpərəst bir ailədə doğulmuşdur. Onun atası Azər bütpərəst idi. Hz. İbrahim, risalətdən əvvəl, gənc yaşlarından rüşd sahibi olmuşdur (“And olsun İbrahimə rüşdünü vermişdik. Biz, onu tanıyırdıq.” Ənbiya 51). Burada “rüşd” “əqli yetkinlik, təfəkkür, fitri zəka, məntiq qabiliyyəti” mənasında işlənir. O, daima öz içində düşünən (inzivada olan) və zəkası ilə həqiqətin axtarışında olan bir şəxs idi.
Hz. İbrahim gənc yaşlarından öz fitri zəkası ilə dərk edirdi ki, Günəş, Ay və başqa göy cisimlərini, təbiət ünsürlərini bütləşdirib onlara sitayiş etmək insanın fitrətinə və yaradılışın məqsədi olan tövhidə ziddir. Bütpərəstlik, insanın və cəmiyyətin istismarçı güclər tərəfindən istismar olunmasına şərait yaradan və köləlikdən qurtulmasına mane olan vasitələrdir. O, ailəsini və cəmiyyəti bu köləlikdən xilas etmək üçün, yanlış təsəvvürləri dağıtmağa və ağıl yolu ilə həqiqəti dərk etməyə dəvət edirdi. Bunu ayətlərdən də görmək mümkündür:
“Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə o, planeti görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi. Doğan Ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım" – dedi. Doğan Günəşi gördükdə: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!"– dedi. O batdıqda isə dedi: "Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm.”
Qövmü onunla höcətləşdi. O dedi: "Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız? Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır? İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” (Ənam74-82).
Hz. İbrahim ənənələrlə yaşayan bütpərəst cəmiyyəti sosial-mədəni stereotiplərdən xilas etmək üçün, bir tərəfdən onlarla əqli mühakimələr edir, digər tərəfdən, bütləri sındıraraq, onları qəflət yuxusundan oyatmaq istəyirdi. Əslində, onun bu əməlləri böyük cəsarət tələb edirdi. O, bu əməli yerinə yetirəndə hələ gənc idi. Ayələr bunu təsdiq edir:
“O, ulduzlara bir nəzər salaraq "Mən xəstəyəm!"– dedi. Onlar ondan üz çevirib çıxıb getdilər. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: "Siz bu təamları yemirsiniz? Sizə nə olub ki, danışmırsınız?" Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi. Bütpərəstlər tələsik onun yanına gəldilər. O dedi: "Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır". Onlar dedilər: "Bundan ötrü odun toplayın və onu orada odlayın!" Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.” (Saffat 88-98).
“Bir zaman o öz atasına və tayfasına: "Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?"– demişdi. Onlar: "Biz atalarımızı onlara ibadət edən görmüşük!"– demişdilər. İbrahim demişdi: "Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz". Onlar: "Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?"– demişdilər. İbrahim demişdi: "Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”
Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. Onlar dedilər: "Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!" Bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik" – dedilər. Digərləri də: "Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər" – dedilər. Onlar dedilər: "Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?" İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun". Onlar öz-özlərinə müraciətlə: "Həqiqətən də, siz zalımlarsınız" – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: "Axı sən bilirsən ki, bunlar danışmırlar". İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? Lənət sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?" Onlar dedilər: "Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz". Biz: "Ey od! İbrahim üçün sərin və zərərsiz ol!"– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.” (Ənbiya 51-71).

“İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: "Allaha ibadət edin və Ondan qorxun! Heç bilirsinizmi bu sizin üçün nə qədər xeyirlidir? Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız. Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir. Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır.
De: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir. O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız Ona qaytarılacaqsınız. Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq. Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.” Qövmünün cavabı isə ancaq: "Ya onu öldürün, ya da yandırın!"– demələri oldu. Lakin Allah onu oddan qorudu.
Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır. İbrahim dedi: "Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz" (Ənkəbut 16-25).
Quranda Hz. İbrahimi oda atdıran və onu cəzalandıran şəxsin nə adı, nə də sosial statusu çəkilir. Ayətdə yalnız ona zülüm edən zalım bir şəxsdən bəhs olunur. Lakin, onun “Mən də həm dirilidir, həm də öldürürəm” – deməsi və Hz. İbrahimi cəzalandırma səlahiyyətinə malik olması onu göstərir ki, bu şəxs peyğəmbərin yaşadığı cəmiyyətin hakimi, baş kahini və ya yüksək səlahiyyətli məmurlarından biri olmuşdur.
“Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür!"– dedikdə həmin şəxs: "Mən də həm dirildir, həm də öldürürəm!"– demişdi. İbrahim: "Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!"– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz.” (Bəqərə 258).
Hz. İbrahim atasını irşad etməyə çalışsa da, buna nail ola bilməmişdir. Bu aşağıdakı ayələrdə əks olunur:
“Həqiqətən, İbrahim onun (Hz. Nuhun) ardıcıllarından (şiələrindən) idi. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi. Onda o, öz atasına və qövmünə dedi: "Siz nəyə sitayiş edirsiniz? Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz? Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?" (Saffat 83-87).
“Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi. Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik". O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?" Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük.”
O, dedi: "Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Atamı bağışla! Çünki o, azanlardandır. Onların dirildiləcəyi gün məni rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (Şüəra 69-89).
“Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan.”
Atası dedi: "Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
İbrahim dedi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım." (Məryəm 41-48).
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: "Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!" Yalnız İbrahimin öz atasına: "Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!"– deməsi istisnadır. Onlar dedilər: "Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.” (Mumtəhinə 4).
“Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: "Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir". (Zuhruf 26-27).
“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi. Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.” (Tövbə 114-115).

1.2. Hz. İbrahim neçə yaşında peyğəmbər olmuşdur?
Hz. İbrahimin neçə yaşında peyğəmbər olması məsələsi ayətlərdə göstərilmir. Hz. İbrahimin yaşadığı yeri tərk etməsinə qədər yaşının çox olmadığını söyləmək olar. Çünki yaşadığı yeri tərk etməsinə qədər olan dövrdə, onun bütləri qırması və sonra onun oda atılması hadisəsi gənc yaşlarında baş vermişdir. Ayətdə müşriklər bütlərini sındıran üçün belə deyirlər: “İbrahim deyilən bir gəncin (“fətən”) onları pislədiyini eşitmişik” (Ənbiya 60). Burada “fətən” ismi bütün tərcümələrdə “gənc” kimi tərcümə olunur. Əlində, peyğəmbərlərin çoxu gənc olmuşdur. Qurani-Kərimə görə, bir çox peyğəmbərlər və onların tərəfdarları gənclərdən təşkil olunmuşdur:
1. Hz. Yusuf da gənc bir peyğəmbər idi. Allah buyurur ki, “həddi-buluğa çatıb rəşid olduqda, ona hökmvermə qabiliyyəti və elm verdik ” (“ləmma bələğa əşuddəhu atəynəhu hukmən və ilmə” – Yusuf 22). Quranda Hz. Yusuf “gənc” – “fətaha” (Yusuf 30) kimi səciyyələndirilir. Eyni isim (fətən) Hz. İbrahim üçün də işlənir.
2. Quranda Hz. Musa qüvvətli və etibarlı bir gənc peyğəmbər kimi səciyyələndirilir (Qəsəs 23-27).
3. Quranda Yəhya haqqında buyurulur ki, “O hələ uşaq ikən ona hikmət verdik” (“və atəynəhul hukmə sabiyyə” Məryəm 12). Burada “sabiyyə” - “uşaq” mənasında işlənir.
Deməli, peyğəmbərlik üçün, bir yaş həddi yoxdur. Əslində, peyğəmbərlərin çoxu gənc və cavan olmuşlar. Onların ətrafında toplananların əksəriyyəti də gənclər və cavan insanlar idilər. Hz. Muhəmməd risalətinin başlağıcında 40 yaşında cavan bir şəxs olmuş və ətrafındakı səhabələrin əksəriyyəti gənclərdən ibarət olmuşdur. O zaman belə çıxır ki, müşriklər Hz. İbrahimi oda atıb yandırmaq istəyəndə və o, Allahın yardımı ilə oradan xilas olanda gənc yaşlarında (fətən) idi. Müşriklər Hz. İbrahimi bundan sonra da sakit buraxmadılar və ona qəsd etmək istədilər. Lakin, ayədə bildirilir ki, “Biz onları daha şiddətli cəzaya məruz qoyduq. Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.” (Ənbiya 51-71)
Quranda Hz.Yusufun Züleyxanın (Quranda onun adı keçmir) nəfsinə tuş gəldiyi yaş həddi də “gənc” (“fətaha” - Yusuf 30) kimi səciyyələndirilir. Bunu, təqribən 20 yaş çərçivəsində dəyərləndirmək olar. Bu gün sosioloji tədqiqatlar da gənclik yaşının 15-25 yaşarası olduğunu bildirir. Bu baxımdan, Hz. İbrahimin də risalətinin başlanğıcı dövründə təxminən 20 yaş çərçivəsində olduğunu söyləyə bilərik. Hz. İbrahim atəş imtahanı ərəfəsində müşriklərə dedikləri sözlərə diqqət yetirsək görərik ki, o, bir peyğəmbər kimi tövhidi təbliğ edir və qiyamət günü ilə onları hədələyərək bildirir ki, “bilin ki, sizdən əvvəlki xalqlar da öz peyğəmbərlərini yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ etməkdir.” (Ənkəbut 16-25). O, bu sözləri ilə öz qövmünə özünün peyğəmbər olduğunu bəyan edir. Lakin, onu, qəbul etmirlər.
Hz. İbrahim, öz atasına da deyir: “Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.”.. Atası dedi: "Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” (Məryəm 41-48).
Hz. İbrahimin öz atasına müraciətində də peyğəmbərlik əlamətləri aydın görünür (“sənə gəlməyən bir elm mənə gəlmişdir”). Atası da ona, yaşadığı yeri uzun müddət tərk etməsini istəyir. Yəni, bunlar, atəş imtahanı ərəfəsində və ondan dərhal sonra baş verən gərgin hadisələr müstəvisində cərəyan edir. O zaman, Hz. İbrahimin gənc yaşlarında (fətən) təxminən 20 yaşlarında peyğəmbər olduğunu söyləyə bilərik.
Nəyə görə, bir çox peyğəmbərlər gənc insanlar idilər?
Təbii ki, peyğəmbərlərin arasında müxtəlif yaş qruplarına aid insanlar olmuşdur. Onlar arasında yeniyetmə (səbiyyə), gənc (fətən), cavan və ahıl yaşlı peyğəmbərlər də olmuşdur. Deməli, bunun da ilahi bir hikməti vardır. Hz. İbrahimin peyğəmbərlik missiyasını dərindən anlamaq üçün, onun yaşadığı cəmiyyətin və dövrün xüsusiyyətlərini bilmək lazımdır.
19:00 05.09.2026
Oxunuş sayı: 46