Ermənistanın etno-mədəni dioaqnostikası
Ermənistanın bu qaydada, sadələşdirilmiş və qısa etno-mədəni dioaqnostikası Azərbaycan oxucusu üçün kifayət etməz. Çünki tarixi qonşuluqda bir tərəfdən uzun illər münasibətlər qurulmuş, digər tərəfdən də dəfələrlə problemlər yaşanmış bir xalqdır. Lakin geniş oxucu üçün maraq kəsb edə biləcək mənzərə müəyyənləşir. Ermənistan bu metod üçün xüsusilə maraqlı bir nümunədir, çünki burada etnik kimlik, dil, kilsə, tarixi yaddaş, diaspora və “itirilmiş ərazi” yaddaşı bir-birindən çox çətin ayrılır. Üstəlik, fərqli xalqlarda və ölkələrdə etdiyimiz kimi, burada da “böyük mədəniyyət” anlayışını avtomatik müsbət göstərici kimi qəbul etməmək lazımdır. Aşağıdakı diaqnostikanı məhz formalaşdırdığımız prinsip əsasında təqdim edirik: “Fərdi kimlik, kollektiv kimlik, mədəni məhsul, yaddaş, simvollar, institutlar, qonşularla münasibət, dövlət və diaspora mexanizmləri”.
Ermənistanın etno-mədəni kimliyinin ən mühüm xüsusiyyəti dövlətin tarixən kəsilməsi ilə xalqın mədəni davamlılığının bir-birindən ayrılmasıdır. Ermənistan uzun dövrlər siyasi dövlətçilikdən məhrum olsa da, erməni kollektiv kimliyi dil, xristianlıq, kilsə, əlifba, ailə, ədəbiyyat və diaspora institutları vasitəsilə qorunub. Ermənistan Konstitusiyası da bu tarixi xüsusiyyəti açıq şəkildə tanıyır: Erməni Apostol Kilsəsinin milli-mədəni kimliyin qorunmasında xüsusi missiyasını qəbul edir, erməni dilini dövlət dili elan edir və diaspora ilə əlaqələrin inkişafını dövlət siyasətinin istiqamətlərindən biri kimi müəyyənləşdirir.
Bu səbəbdən erməni fərdi kimliyində “mən kiməm?” sualının cavabı ərazi mənsubiyyətindən daha genişdir. Ermənilik Ermənistan Respublikasında yaşamaqla məhdudlaşmır. Diaspora erməni identikliyinin struktur hissəsidir. Livan, Fransa, ABŞ, Rusiya və digər ölkələrdə yaşayan erməni icmaları özlərini Ermənistan dövlətindən kənarda da erməni kollektivinin hissəsi kimi qəbul edə bilirlər. Diaspora üzrə araşdırmalar ailə, erməni dili, mədəniyyət və icma iştirakını identikliyin əsas komponentləri kimi göstərir, dini mənsubiyyət isə mühüm olmaqla yanaşı, bütün ermənilər üçün eyni səviyyədə müəyyənedici deyil.
Burada Ermənistanın etno-mədəni diaqnostikasını İran və Almaniyadan fərqləndirən mühüm cəhət meydana çıxır. Erməni kimliyinin dövlətlə üst-üstə düşməsi nisbətən zəif, transsərhədliyi isə güclüdür. Ermənistan dövləti erməni xalqının bütününü əhatə etmir, erməni xalqının əhəmiyyətli hissəsi dövlət sərhədlərindən kənarda yaşayır. Buna görə də milli kimliyin daşıyıcısı yalnız dövlət deyil, “diaspora, kilsə, ailə, dil, tarixi yaddaş” şəbəkəsi təşkil edir.
Erməni (Apostol) Kilsəsi bu sistemdə sadəcə dini institut deyil. Uzun müddət siyasi dövlətçiliyin olmadığı şəraitdə kilsə milli kimliyin qoruyucu institutu funksiyasını daşıyıb. Diaspora haqqında araşdırmalarda kilsənin dil, mədəniyyət və təhsili qoruyan əsas institutlardan biri kimi çıxış etdiyini görürük.
Bu isə erməni kollektiv kimliyində xristianlıqla etnikliyin çox sıx birləşməsinə səbəb olub. Burada xristianlıq sadəcə dini etiqad deyil, “biz kimik?” sualının cavablarından biridir. Lakin müasir ermənilərin hamısını dindar və ya kilsə tərəfdarı hesab etmək də doğru olmaz. Deməli, diaqnostik baxımdan “erməni = xristian” formulu deyil, “xristian irsi = erməni kollektiv yaddaşının əsas struktur elementlərindən biri” formulu daha düzgündür.
Erməni əlifbası bu kimlik sistemində xüsusi əhəmiyyət daşıyır. Dil yalnız kommunikasiya vasitəsi deyil, milli sərhəd funksiyası da daşıyır. Erməni dilinin öz yazı sistemi ilə qorunması, xüsusilə diaspora şəraitində assimilyasiyaya qarşı mühüm vasitəyə çevrilib. Bu səbəbdən erməni mədəniyyətində yazı, kitab, təhsil və dini mətn ənənəsi adi mədəni məhsuldan daha böyük identiklik funksiyasına malikdir.
Erməni kollektiv yaddaşının ən güclü və eyni zamanda ən ağrılı komponentlərindən biri 1915-ci il "erməni soyqırımı" haqqında rəvayətlərdir. Bu hadisə yalnız tarixi faciə kimi deyil, sonrakı nəsillərin kollektiv kimliyini təşkil edən hadisə kimi yaddaşda yaşadılır. Yüz il öncə mövcud olan kollektiv yaddaş elementləri qorunmayıb. Beləliklə, erməni kimliyində “biz kimik?” sualı müəyyən dərəcədə “biz nəyi itirmişik və nəyi yadda saxlamalıyıq?” sualı ilə birləşir. Bu model son yüz ildə formalaşdırılıb.
Bu, erməni milli psixologiyasında itki, köç, təhlükə və sağqalma mövzularının güclü olmasını izah edən əsas amillərdən biridir. Diasporanın tarixi də bu yaddaşı gücləndirir. Ermənistanın milli kimliyi buna görə yalnız quruculuq yaddaşından deyil, dağılma və yenidən qurulma yaddaşından da qidalanır.
Mədəni məhsullar baxımından Ermənistanın ən xarakterik xüsusiyyətlərindən biri mədəni irsin kimliyi qoruma funksiyasının yüksək olmasıdır. Ədəbiyyat, kilsə memarlığı, xaçkarlar, əlyazmalar, musiqi, xalq rəqsləri və mətbəx yalnız estetik və ya folklor məhsulları deyil, onların bir hissəsi “erməni olaraq qalmağın” vasitəsinə çevrilib. Məsələn, xaçkar sadəcə daş sənəti nümunəsi deyil, dini və milli yaddaşı eyni zamanda daşıyan simvollar olaraq qəbul edilib.
Erməni mədəniyyətində ailə və icma da mühüm özünütəşkil mexanizmidir. Diaspora şəraitində ailə, kilsə, məktəb və icma təşkilatları bir-birini tamamlayaraq milli kimliyi reproduksiya edib. Buna görə də erməni fərdi kimliyində kollektivdən ayrılma müəyyən qədər çətinləşir, insanın “erməniliyi” yalnız şəxsi seçim deyil, ailə və icma vasitəsilə nəsildən-nəslə ötürülən mədəni irs hesab edilir.
Lakin bu sistemin ciddi zəif cəhətləri də mövcuddur. Erməni milli kimliyi təhlükə və itki yaddaşından həddindən artıq qidalana bilir. Xarici təhlükənin kollektiv kimliyi möhkəmləndirən funksiyası mövcuddur, lakin uzunmüddətli perspektivdə milli identikliyin əsasını yalnız “bizə qarşı olanlar kimdir?” sualına bağlamaq mədəni inkişafı ciddi şəkildə məhdudlaşdıra bilir.
Bu baxımdan Ermənistanın qonşuları ilə münasibətləri də etno-mədəni diaqnostikanın ayrılmaz hissəsidir. Azərbaycan və Türkiyə ilə qarşıdurmalar və ərazi iddiaları yalnız dövlətlərarası siyasi problem deyil, eyni zamanda onlar erməni kollektiv yaddaşında ərazi, təhlükəsizlik, itki və tarixi ədalət məsələləri ilə birləşir. Bu səbəbdən tarixi yaddaş xarici siyasətin də mədəni resursuna çevrilir.
Erməni milli simvolikasında Ararat xüsusi məna daşıyır. Maraqlı paradoks ondan ibarətdir ki, Ararat müasir Ermənistan Respublikasının sərhədlərindən kənarda yerləşir, lakin Ermənistanın dövlət gerbində də tarixi simvol kimi əks olunur. Konstitusiyada bu açıq şəkildə göstərilir. Bu fakt erməni milli kimliyinin mühüm xüsusiyyətini, indiki dövlət ərazisi ilə tarixi və simvolik vətən anlayışının tam üst-üstə düşməməsini çox aydın göstərir.
Bu baxımdan erməni “vətən” anlayışı ikiqatlıdır. Real dövlət və Ermənistan Respublikası, tarixi-mifik vətən və daha geniş erməni tarixi coğrafiyası. Bu ikilik erməni kollektiv yaddaşının həm gücü, həm də gərginlik mənbəyidir.
Müasir Ermənistan isə bu tarixi modeldən fərqli olaraq dünyəvi respublika qurmağa çalışır. Buna baxmayaraq, kilsənin milli kimlikdəki rolu hələ də çox güclüdür. Hazırda kilsə ilə hökumət arasında ciddi siyasi qarşıdurmanın mövcudluğu da bu institutun yalnız dini deyil, milli-siyasi legitimlik daşıyıcısı olduğunu göstərir. 2026-cı ilin avqustunda Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin və bir neçə yüksək rütbəli din xadiminin məhkəməyə cəlb olunması bu qarşıdurmanın nə qədər kəskinləşdiyini və milli dövlətçilik problemində dünyavi təşkilatlarla antoqanizmini göstərir.
NƏTICƏ: Ermənistanın etno-mədəni sistemi dövlətçiliyin uzunmüddətli kəsilməsinə baxmayaraq dil, əlifba, xristianlıq, kilsə, ailə, ədəbiyyat, tarixi yaddaş və diaspora vasitəsilə özünü qorumuş transsərhəd milli-mədəni sistemdir. Onun əsas gücü mədəni özünütəşkil və kollektiv kimliyi dövlət sərhədlərindən kənarda da reproduksiya etmək qabiliyyətidir. Əsas zəifliyi isə milli identikliyin böyük ölçüdə tarixi itki, təhlükə və xarici qarşıdurma yaddaşı ilə yüklənməsidir.
Erməni fərdi kimliyi ailə, dil, mədəniyyət və kollektiv yaddaşla sıx bağlıdır, kollektiv kimlik isə “dövlətə sahib xalq”dan daha çox “dövlətini və mədəniyyətini itirsə belə özünü qoruyan xalq” modeli üzərində formalaşıb. Kilsə, diaspora və dil bu modelin əsas institutlarıdır. Buna görə Ermənistanın ən yığcam diaqnostik formulunu belə ümumiləşdirək: Erməni etno-mədəni kimliyinin əsas xüsusiyyəti dövlətçilikdən daha qədim və dövlət sərhədlərindən daha geniş olan milli-mədəni özünütəşkildir. Dil, əlifba, kilsə, xristian irsi, ailə, ədəbiyyat, tarixi yaddaş və diaspora erməniliyin əsas reproduksiya mexanizmləridir. Bu sistemin böyük gücü siyasi parçalanma və diaspora şəraitində belə kollektiv kimliyi qorumasıdır. Əsas zəifliyi isə kollektiv yaddaşın itki, təhlükə və qarşıdurma elementlərinin yüksək çəkisidir. Ermənistanın müasir etno-mədəni problemi artıq yalnız “erməni kimliyini necə qorumaq?” deyil, həm də “qorunmuş kimliyi necə gələcəyə yönəlmiş, yaradıcı və açıq milli layihəyə çevirmək?” problemidir.
Ermənistanın etno-mədəni diaqnostikasında ən mühüm fərq -“mədəni birlik, dövlət itkisi, diaspora, kollektiv yaddaş, yenidən dövlət” ardıcıllığı ilə xarakterizə oluna bilər.
15:00 31.08.2026
Oxunuş sayı: 99