ŞƏT sammiti: Azərbaycanın strateji rolu güclənir
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammiti ərəfəsində Azərbaycan, Çin, Rusiya, İran, Türkiyə və digər ölkələrin liderləri Qırğızıstana yola düşüblər. Təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat məsələlərinin əsas gündəmdə olacağı sammit Azərbaycanın da ŞƏT ilə əlaqələrinin gələcəyi baxımından diqqət çəkir. Xüsusilə Orta Dəhlizin artan əhəmiyyəti fonunda Azərbaycanın Avrasiya nəqliyyat xəritəsindəki strateji mövqeyi bu platformada ölkəmizə yeni imkanlar yarada bilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya üzərindən Avropaya uzanan nəqliyyat marşrutlarının imkanlarının müharibə və geosiyasi gərginliklər səbəbindən məhdudlaşması, eləcə də Hindistan üzərindən isti dənizlər vasitəsilə Avropaya çıxışın Körfəz regionundakı müharibələr fonunda risklərlə üzləşməsi Azərbaycanın əhəmiyyətini artırır: “Bu şəraitdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında rolu artır. Azərbaycan 2015-ci ildə ŞƏT-ə Dialoq Tərəfdaşı kimi qəbul edilərkən mövcud imkanlar bugünkündən fərqli idi. Həmin dövrdə Azərbaycan öz ərazilərini işğaldan azad etməmişdi və Orta dəhliz, Transxəzər marşrutu kimi imkanlar indiki səviyyədə deyildi”.
Deputatın sözlərinə görə, hazırda nəqliyyat və logistika imkanlarının genişlənməsi Azərbaycanın təşkilat daxilindəki nüfuzunun və strateji əhəmiyyətinin daha da artmasına şərait yaradır: “Buna görə Azərbaycanın ŞƏT-də nüfuzunun və əhəmiyyətinin daha da artacağı, statusunun dəyişə biləcəyi gözlənilir. Ümid edək ki, Bişkekdə keçiriləcək görüşlər çərçivəsində bu məsələlərlə bağlı irəliləyiş əldə olunacaq və bu, Azərbaycanın maraqları baxımından mühüm hadisəyə çevriləcək”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə isə açıqlamasında bildirib ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığının genişləndirilməsi xüsusilə Çinlə mövcud strateji tərəfdaşlıq fonunda perspektivli görünür: “Çin Şanxay Əməkdaşlıq Təşkilatında aparıcı dövlətlərdən biridir və Azərbaycanın Çinlə strateji tərəfdaşlığı mövcuddur. Bu baxımdan ŞƏT ilə əməkdaşlığın genişlənməsi Azərbaycan üçün faydalı və perspektivli ola bilər. Əməkdaşlıq çərçivəsində nəqliyyat dəhlizləri, ticarət əlaqələri və təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır”.
Deputatın sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm istiqamətlərdən biridir: “Həm Azərbaycan, həm də təşkilata üzv olan bəzi ölkələr separatizm, ekstremizm və terrorizmdən zərər çəkiblər. Bu səbəbdən həmin təhdidlərə qarşı əməkdaşlığın və təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsinə ehtiyac var”.

Politoloq Tofiq Abbasov açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı artıq dünya miqyasında əhəmiyyəti artan böyük strukturlardan biridir. Onun sözlərinə görə, təşkilat iqtisadi əməkdaşlığın inkişafını, dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsini nəzərdə tutur: “ŞƏT-in əsas prinsipləri dünyada qarşıdurma meyllərinin azaldılmasına, əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafına yönəlib. Dünya nizamının yenidən formalaşdığı hazırkı şəraitdə təşkilat yeni əməkdaşlıq modellərinin inkişafına çalışır. ŞƏT-ə üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələr birlikdə böyük bir coğrafiyanı və milyardlarla insanı əhatə edir. Bu baxımdan təşkilat qlobal və regional risklər fonunda mühüm əməkdaşlıq platforması kimi çıxış edir”.
Tofiq Abbasov qeyd edib ki, Azərbaycan da ŞƏT ilə fəal əməkdaşlıq edir və təşkilatda ölkənin strateji tərəfdaşlıq və yaxşı münasibətlər qurduğu Çin, Türkiyə, Rusiya və İran kimi dövlətlərin təmsil olunması xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan müxtəlif dövlətlər arasında yaranan ixtilafların aradan qaldırılmasına və fəal əməkdaşlıq modellərinin inkişafına üstünlük verir. ŞƏT çərçivəsində inteqrasiya prosesləri genişlənir, yeni regionları əhatə edir. Sammitlər çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər yeni baxışların və əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradır. Bu proseslərdə Azərbaycanın mövqeyi və təklifləri də mühüm rol oynaya bilər”.
Nigar Xəlilli
11:22 31.08.2026
Oxunuş sayı: 115