Bişkek sammiti: Azərbaycanın strateji üstünlüyü
Prezident İlham Əliyevin Qırğızıstana səfəri və Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı Azərbaycanın Mərkəzi Asiya və Avrasiya məkanında mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika imkanlarının inkişafı ilə bağlı yeni perspektivlər diqqət mərkəzindədir. Eyni zamanda, sammit Azərbaycanın regional və beynəlxalq məsələlərdə mövqeyini geniş platformada ifadə etməsi üçün mühüm imkan yaradır.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlamasında bildirib ki, sammitdə Çin, Rusiya, Hindistan, İran, Türkiyə və Mərkəzi Asiya ölkələrinin liderlərinin bir araya gəlməsi Azərbaycanın öz mövqeyini və maraqlarını geniş siyasi platformada ifadə etməsinə imkan yaradır: “ŞƏT-in gündəliyində təhlükəsizliklə yanaşı, ticarət, nəqliyyat, logistika, enerji və rəqəmsal əməkdaşlıq da mühüm yer tutur. Azərbaycan üçün xüsusilə Orta Dəhlizin inkişafı baxımından bu platforma böyük imkanlar yaradır. Çin və Mərkəzi Asiyanı Azərbaycan üzərindən Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat əlaqələrinin genişləndirilməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artırır”.
Razi Nurullayev vurğulayıb ki, Azərbaycan ŞƏT-in üzvü olmasa da, təşkilatla əməkdaşlığını genişləndirir və bu platforma ölkəyə böyük iqtisadi bazarlara çıxış, yeni investisiya və nəqliyyat imkanları, eləcə də təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq perspektivləri yaradır: “Prezident İlham Əliyevin Bişkekdə iştirakı Azərbaycanın yalnız Mərkəzi Asiya ilə deyil, bütövlükdə Avrasiyanın əsas güc mərkəzləri ilə fəal və balanslaşdırılmış əməkdaşlıq siyasətinin göstəricisidir. Əsas məsələ isə bu siyasi imkanları konkret iqtisadi, nəqliyyat və investisiya layihələrinə çevirməkdir”.
Nigar Xəlilli
12:50 31.08.2026
Oxunuş sayı: 54