Enerji içkilərinin yaratdığı xəstəliklər - ürək, təzyiq...
Enerji içkilərinin gənclər arasında istifadəsi son illərdə geniş yayılıb. Tərkibində yüksək miqdarda kofein və digər stimullaşdırıcı maddələr olan bu içkilər qısa müddət ərzində enerji və ayıqlıq hissi yaratsa da, xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq riskləri yarada bilər. Müntəzəm istifadə yuxu problemlərinə, ürək döyüntüsünün sürətlənməsinə, əsəbilik və təşvişə, eləcə də müxtəlif metabolik problemlərə səbəb ola bilər.
Bəs enerji içkiləri gənclərin sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Onların müntəzəm istifadəsi hansı fəsadlara səbəb ola bilər və yeniyetmələr enerji içkilərindən niyə uzaq durmalıdır?
Mövzu ilə bağlı terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, enerji içkilərinin tərkibindəki yüksək kofein miqdarı xüsusilə yeniyetmələrin orqanizmi üçün risk yarada bilər:
“Enerji içkiləri xüsusilə yeniyetmələr üçün ciddi risk yarada bilər. Onların orqanizmi kofeinin təsirinə daha həssasdır. Bu içkilər qısa müddət ərzində ayıqlıq və enerji hissi versə də, ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin yüksəlməsi, əllərdə titrəmə, baş ağrısı, mədə narahatlığı, əsəbilik və təşviş yarada bilər. Müntəzəm istifadə yuxuya getməyi çətinləşdirir və yuxunun müddətini azaldır. Nəticədə diqqət, yaddaş, dərs göstəriciləri və əhvali-ruhiyyə pisləşə bilər. Kofeinə tolerantlıq və asılılıq da yarana bilər. Əvvəlki təsiri əldə etmək üçün getdikcə daha çox içki tələb olunur, istifadənin dayandırılması isə baş ağrısı, yorğunluq və əsəbiliklə nəticələnə bilər”.
Z.Quliyev qeyd edib ki, şəkərli enerji içkilərinin davamlı qəbulu çəki artımı, diş çürüməsi, insulin müqaviməti və gələcəkdə 2-ci tip diabet riskini yüksəldir:
“Yüksək dozalar, qısa müddətdə bir neçə banka içilməsi, idman zamanı qəbulu və ya alkoqolla qarışdırılması ürək ritminin pozulması, güclü susuzlaşma, huşun itməsi və nadir hallarda həyati təhlükəli vəziyyətlərlə nəticələnə bilər. Bəzi gənclərdə risk daha yüksəkdir. Anadangəlmə ürək xəstəliyi, yüksək təzyiq, epilepsiya, təşviş pozuntusu olan və ya stimullaşdırıcı dərman qəbul edən şəxslər enerji içkilərindən xüsusilə uzaq durmalıdırlar. Buna görə ən təhlükəsiz seçim yeniyetmələrin enerji içkilərindən uzaq durmasıdır. Yorğunluğu aradan qaldırmaq üçün kifayət qədər yuxu, su, normal qidalanma və gün ərzində fasilələrə üstünlük verilməlidir. Enerji içkisindən sonra sinə ağrısı, çox sürətli və ya nizamsız ürək döyüntüsü, nəfəs darlığı, huşun itməsi, qıcolma və ya güclü təşviş yaranarsa, təcili tibbi yardım çağırılmalıdır”.
Zərnigar Hüseynli
14:05 31.08.2026
Oxunuş sayı: 58