Sənədsiz evi olanların diqqətinə: məhkəməyə müraciət edin
Ölkədə daşınmaz əmlakın qeydiyyata alınması, sənədsiz evlərin leqallaşdırılması və torpaqların təyinatı ilə bağlı məsələlər uzun illərdir vətəndaşların diqqət mərkəzindədir. Xüsusən də tarixi sənədlərin əhatə dairəsinin genişləndirilməsi, qadağan olunmuş ərazilərdə tikilən evlərin taleyi və məhkəmə təcrübəsi bu sahədəki mövcud mənzərəni müəyyənləşdirən əsas amillər sırasındadır.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin qanunvericiliyə uyğun olaraq mövcud sərəncamlar çərçivəsində müəyyən məhdudiyyətləri mövcuddur:
"Daşınmaz əmlak Dövlət Reyestri Xidmətinin hüquqi əsası yoxdur ki, ölkə başçısının 2015-ci ildə təsdiq etdiyi sərəncam üzrə müəyyən olunmuş siyahıdan kənar sənədlərlə çıxış edən torpaqların və əmlakların qeydiyyata alınmasına icazə versin. Lakin bu il həmin siyahı artırıldı; Sovet hökuməti dövründə 7 icra qurumu, kolxoz-savxozlar və digər aidiyyəti yerli qurumlar tərəfindən verilmiş sənədlərin də nəzərə alınması ilə bağlı siyahı genişləndirildi".
E.Azadov qanunla qadağan olunmuş ərazilər və gözlənilən amnistiya məsələlərinə də toxunub:
"Qanunla qadağan olunmuş ərazilərdə tikilmiş evlərin hər hansı dövriyyəsi və qeydiyyata alınması qanunla yolverilməzdir. Nəzərə alsaq ki, son 7-8 il ərzində bu istiqamətdə müəyyən addımlar atılıb, yaxın gələcəkdə müəyyən amnistiyanın olacağı gözləniləndir. Sadəcə, ölkədə hələ ki bununla bağlı hüquqi-normativ baza tam formalaşmayıb. Hüquqi-normativ baza yarandıqdan sonra qanunla qadağan olunmamış torpaqlarda inşa olunmuş tikililərin leqallaşması mümkün olacaq. Həmçinin, bəzi uyğunsuz və ya natamam sənədləri olan əmlaklarla bağlı məhkəmə təcrübəsi (precedent) mövcuddur. Əgər eyni ərazidə oxşar hallarla bağlı əvvəlcədən müsbət məhkəmə təcrübəsi varsa, vətəndaş bundan yararlana və məhkəmə yolu ilə hüquqlarını tanıda bilər".
Ekspert mühafizə zolaqlarına düşən tikililər və son dövrlər tətbiq edilən yeniliklər barədə də məlumat verib:
"Amma əgər əmlak mühafizə zolağına düşürsə, onun sənədləşdirilməsi ilə bağlı ölkədə hələ ki praktika yoxdur və birmənalı olaraq mənfi cavab alınır. Buraya xüsusi kommunikasiya xətləri, dəmir yolundan 60 metrdən yaxın məsafədə, yüksək təzyiqli boru və kanalizasiya xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunan evlər, eləcə də meşə zolağına düşən ərazilər daxildir. Son il yarım ərzində torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı vacib dəyişikliklər baş verib. Ölkə başçısının 2015-ci ildən etibarən bu sərəncam üzrə bəzi tələblərə cavab verən torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq qərarları da mövcuddur".
Fatimə Cabbarlı
18:30 16.10.2026
Oxunuş sayı: 59