Qış gəlir: Avtomobilinizi soyuğa necə hazırlamalısınız?
Qış mövsümünün yaxınlaşması ilə əlaqədar havaların soyuması və hava şəraitinin kəskin dəyişməsi avtomobil sahibləri üçün xüsusi hazırlıq dövrünün başladığını göstərir. İstər yay, istərsə də qış fəslində hər mövsümün özünəməxsus texniki tələbləri və qulluq qaydaları mövcuddur. Soyuq aylarda mühərrik yağlarının qatılaşması, yanacaq sistemində kondensasiya və donma problemlərinin yaranması, eləcə də şinlərin yolla təmas keyfiyyətinin aşağı düşməsi avtomobilin idarəolunmasında ciddi risklər yaradır. Bu səbəbdən qış aylarında avtomobilə yalnız bir hərəkət vasitəsi kimi deyil, xüsusi diqqət və qayğı tələb edən texniki mexanizm kimi yanaşılmalıdır. Sürücülərin hava şəraitini düzgün qiymətləndirməsi, salonun havalandırma sistemini saz vəziyyətdə saxlaması və avtomobilin iqlim şəraitinə uyğunluğunu nəzərə alması yol təhlükəsizliyinin əsas şərtidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qış mövsümündə avtomobilin texniki hazırlığı bir neçə vacib amildən birbaşa asılıdır:

"Qış mövsümü yaxınlaşdıqca bu, ənənəvi bir prosesə çevrilir. İstər yay, istərsə də qış mövsümündə hər dövrün özünəməxsus uyğun qulluq qaydaları var. Avtomobilə və onun texniki təchizatına qulluq mövsümdən asılı olaraq dəyişir.
Xüsusilə qış aylarında yanacağa daha çox zərurət yaranır. Bildiyimiz kimi, soyuqda sürgü yağları qatılaşır, benzin və digər ənənəvi yanacaqla işləyən avtomobillərdə yanacağın donması və ya mühərrikin soyuq olması kimi problemlər meydana çıxır. O cümlədən şinlər xüsusi diqqət tələb edir. Təkərin ölçüsü, diametri, protektorunun qalınlığı, yerlə təması, havasının həcmi, təzyiqi və ən əsası etibarlılığı, dayanıqlılığı əsas prioritet məsələdir".
Ekspert vurğulayıb ki, sürücülər avtomobilin incə detallarına həssaslıqla yanaşmalıdırlar:
"İdarəetmənin özü, hava şəraitinin düzgün qiymətləndirilməsi, salonun havalandırma sisteminin düzgün təminatı, yanacaq sistemində soyuq kondensasiyanın təsiri — bunlar hamısı fizika qanunlarına uyğundur. Avtomobil bir texniki vasitədən əlavə, xüsusi qayğıya ehtiyacı olan mexanizmdir, yəni sırf "dəmir yığını" deyil. Burada başlıca məsələ onun etibarlılığı və produktivliyidir.
Digər bir məsələ isə nəqliyyat vasitələrinin iqlimə uyğunlaşmasıdır. Elə markalar var ki, sınaqdan keçib, bəzilərinin xüsusiyyətləri isə daima öyrənilir. Məsələn, bəzi avtomobillər yay rejimində alışıb-yanmağa meylli olduğu halda, bəzilərində qış mövsümündə donma prosesi aktivləşir. Hər bir nəqliyyat vasitəsi özünü fərqli hava şəraitində necə aparmasından asılı olaraq dəyər qazanır".
Zeynəb Həsən
18:00 16.10.2026
Oxunuş sayı: 56