Payızda nələri yemək olmaz? - ac qalsaq daha yaxşıdır
Payız fəslinin gəlişi ilə havaların kəskin soyuması, günəşli günlərin azalması və havadakı rütubətin dəyişməsi insan orqanizminə birbaşa təsir göstərir. Bu mövsümdə metabolizm zəifləyir, vitamin və mineral ehtiyacı artır, nəticədə immunitet sistemi aşağı düşərək orqanizmi mövsümi infeksiyalara və viruslara qarşı daha həssas edir. Bir çox insan immuniteti qorumaq üçün dərhal apteklərdən sintetik vitaminlərə və ya yalnız bir neçə növ meyvəyə üz tutsa da, mütəxəssislər bildirirlər ki, orqanizmin müqavimətini artırmağın təməl yolu doğru və balanslı qidalanma vərdişləridir. İmmunitetin düşməsinin qarşısını hansı gidalarlа almaq olar və payız rasionu necə qurulmalıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov payız aylarında orqanizmin ehtiyac duyduğu əsas qida maddələrinə və düzgün rasionun incəliklərinə aydınlıq gətirib:

"Payızda ilk növbədə mövsümi meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Alma, armud, nar, heyva, xurma, kivi və sitrus meyvələri vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Xüsusilə C vitamini immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır. Bibər, kələm, brokoli, kök, balqabaq və göyərti də gündəlik qidalanmada yer almalıdır. Məsələn, kök və balqabaqda olan beta-karotin orqanizmdə A vitamininə çevrilir və selikli qişaların normal fəaliyyətini dəstəkləyir.
Bununla yanaşı, rasionda yumurta, balıq, ət, paxlalılar və süd məhsulları kimi zülal mənbələri də olmalıdır. Zülal immun sisteminin fəaliyyətində iştirak edən hüceyrə və maddələrin yaranması üçün vacibdir. Balıq, qoz, fındıq və digər çərəzlər isə faydalı yağlarla təmin edir. Qatıq və kefir kimi fermentləşdirilmiş süd məhsulları bağırsaq mikrobiotasının sağlamlığını dəstəkləyə bilər, çünki bağırsaq sağlamlığı ilə immun sisteminin fəaliyyəti arasında mühüm əlaqə var. Su qəbulunu da unutmamaq lazımdır; soyuq havalarda susuzluq hissi azalsa da, orqanizmin mayeyə ehtiyacı davam edir."
Ekspert həmçinin yanlış qidalanma vərdişlərinin və lazımsız vitamin əlavələrinin risklərinə də diqqət çəkib:
"Digər tərəfdən, şirniyyatlar, şəkərli içkilər, duzlu qəlyanaltılar, fastfud və yüksək dərəcədə emal olunmuş məhsullar qidalanmanın əsas hissəsinə çevrilməməlidir. Bu qidaların çox istehlakı rasionun keyfiyyətini aşağı sala və artıq çəki, yüksək qan təzyiqi kimi sağlamlıq problemlərinin yaranma riskini artıra bilər. Turşu və digər duzlu qidalar da ölçülü yeyilməlidir. Meyvələri həddindən artıq miqdarda istehlak etmək əvəzinə, müxtəlif çeşidlərə üstünlük vermək daha məqsədəuyğundur. Şirə əvəzinə bütöv meyvə yemək lif qəbulunu artırır və toxluq hissinin daha uzun davam etməsinə kömək edir.
Heç bir meyvə və ya qida təkbaşına immuniteti gücləndirmir və xəstəliklərdən tam qorumur. Vitamin və mineral əlavələrini də ehtiyac müəyyən edilmədən yüksək dozada qəbul etmək düzgün deyil. Əksər hallarda müxtəlif və balanslı qidalanma orqanizmin ehtiyaclarını qarşılamağın əsas yoludur. Nəticə etibarilə, payızda sağlam qidalanmanın əsas prinsipi mövsümi meyvə-tərəvəzlərdən, keyfiyyətli zülal mənbələri, paxlalılar və faydalı yağlardan ibarət müxtəlif rasion yaratmaq, şəkər və duz qəbulunu məhdudlaşdırmaqdır. Buna kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik və şəxsin ehtiyacına uyğun maye qəbulu da əlavə olunduqda immun sisteminin normal fəaliyyəti üçün daha əlverişli şərait yaranır."
Zeynəb Həsən
17:15 16.10.2026
Oxunuş sayı: 114