Türk dünyasında yeni tandem: Azərbaycan və Özbəkistanın böyük planı
Azərbaycan-Türkiyə müttəfiqliyi, qardaşlığı dünyada örnək olan münasibətlərdən sayılır. Onu əvəzləyən, təkrarlayan ikinci belə bir analogiyanın son bir neçə ilə qədər olmadığını deyə bilirdik. Amma artıq Azərbaycan-Özbəkistan münasibətləri elə bir həddə inkişaf edir ki, çox rahat şəkildə Türkiyədən sonra Özbəkistanla ən mükəmməl və nümunəvi əlaqələrə sahib olan ikinci dövlət deyə bilirik. Sevindirici haldır ki, hər iki ölkəni tarix, mədəniyyət, ortaq dil və etnik yaxınlıq birləşdirir. Bununla yanaşı hazırda təməli atılan layihələrin işlək vəziyyətə gəlməsilə biz yaxın illərdə bu münasibətlərin praktik və faydalı nəticələrini görə biləcəyik.
Cənubi Qafqazın ən aparıcı dövləti olan və artıq ora güc sayılan Azərbaycanla Mərkəzi Asiyanın yüksələn ulduzu adlandıra biləcəyimiz Özbəkistanın müttəfiqliyi, qardaşlığı Türk Dünyasının birliyinə yeni ahəng qatmaqdadır. Bu Asiya ilə Avropa arasında mövcud olan türk qurşağının daha da güclənməsi deməkdir. Türk birliyi ideyası romantik mərhələdən sürətlə praqmatizmə, real əməkdaşlığa və faydalı çalışmalara keçməkdədir.
Ona görə də biz bu məqaləmizdə yalnız “münasibətlər yaxşıdır” deməklə kifayətlənməyib onun siyasi, iqtisadi, investisiya, nəqliyyat, enerji, humanitar və geosiyasi baxımdan faydalı tərəflərini təhlil etməyə çalışacağıq.

Siyasi münasibətlərdə yeni mərhələ: Strateji tərəfdaşlıqdan əbədi dostluğa
Keçmiş Sovet respublikaları olan Azərbaycan–Özbəkistan münasibətləri son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. İki türk dövlətinin münasibətlərinin bu şəkildə inkişafı region üçün də, dünya üçün də faydalı nəticələr verə bilər, hətta artıq verməkdədir də deyə bilərik.
Münasibətlərin institusional əsaslarından biri və ən mühüm məqamı 2023-cü ildə yaradılmış “Ali Dövlətlərarası Şura”dır. Bu Şuranın yaradılması iki dövlət arasında etimadın ən yüksək səviyyəsi və razılaşdırılmış strateji istiqamətlərin mühüm mərhələdə olmasının göstəricisidir. İşlək bir qurum olan Şuranın üç toplantısı keçirilib (üçüncü iclas 23 avqust 2026-cı ildə Daşkənddə baş tutub) və burada iqtisadi, nəqliyyat, ticarət, energetika, təhsil, mədəniyyət və s. istiqamətlərdə əlaqələri sıxlaşdırılması üçün mühüm qərarlar qəbul edilib, layihələr planlaşdırılıb. Bununla da Şura ölkələrin çoxplanlı əməkdaşlığının inkişafının konkret məzmunla zənginləşdirilməsinə xidmət etməkdədir.
Siyasi əlaqələri zənginləşdirən və ona yeni məzmun qatan digər bir məqam isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd münasibətlərin siyasi-hüquqi çərçivəsini daha da möhkəmləndirən yeni mərhələ kimi qiymətləndirilə bilər. Bir neçə ildir ali siyasi rəhbərliyin göstərdiyi cəhdlər nəticəsində imzalanan bu Müavilə nəticəsində əlaqələr yeni, növbəti və daha yüksək mərhələyə keçib. Bu modeli belə ifadə edə bilərik. Qardaşlıq - strateji tərəfdaşlıq - müttəfiqlik - əbədi dostluğun hüquqi təsbiti. İlk ölkə liderinin arasındakı davamlı dialoq prosesi daha da irəli aparmaqdadır. Əlaqələr eyni zamanda parlamentlər, hökumətlər, nazirliklər, regionlar və biznes dairələri arasında da aparılmaqdadır.
Məsələnin romantik türklük prizmasından təhlilindən çıxaraq praktik məqamlara, siyasi-iqtisadi tərəfinə baxmaq istərdik. Azərbaycan üçün Özbəkistan ona görə vacibdir ki, Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir, böyük əhali və istehlak bazarına malikdir, regional nəqliyyat marşrutlarının mühüm hissəsində yerləşir, sənaye və kənd təsərrüfatı potensialına malikdir, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq qurumlarda Azərbaycanın əsas tərəfdaşlarından biridir. Azərbaycan isə Özbəkistan üçün Xəzər və Avropa istiqamətində mühüm nəqliyyat bağlantısıdır, enerji və logistika imkanlarına malikdir, Cənubi Qafqazda strateji mövqeyə sahibdir. Deməli, iki ölkənin əməkdaşlığı “Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz xəttində yeni geoiqtisadi bağlantının formalaşmasına” xidmət edə bilər.




13:55 29.08.2026
Oxunuş sayı: 248
Mübariz Göyüşlü
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru