Xameneyi ABŞ və İsrailin zərbələrində ağır yaralanıb
İranın ali rəhbəri Müctəba Xameneyi ABŞ və İsrailin müharibənin ilk günlərində endirdiyi hava zərbələri nəticəsində ağır yaralanıb və üz nahiyəsindən ciddi xəsarətlər alıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
“Reuters”in məlumatına görə, Xameneyi atasının öldürüldüyü zərbə zamanı üzündən və ayaqlarından ağır xəsarətlər alıb. Agentlik bu məlumatı onun yaxın çevrəsindən olan mənbələrə istinadən yayıb və məlumatları müstəqil şəkildə təsdiqləmədiyini bildirib.
İran rəsmiləri və Xameneyinin yaxın çevrəsindən olan şəxslər onun yaralanmasına baxmayaraq, ölkənin əsas məsələləri üzrə qərarların qəbulunda iştirak etdiyini bildirirlər. Mənbələrin sözlərinə görə, Xameneyi bəzi yüksək səviyyəli rəsmilərlə audio konfranslar vasitəsilə əlaqə saxlayır və müharibə və ABŞ ilə danışıqlar da daxil olmaqla mühüm məsələlərdə qərar qəbul edir.
Bununla yanaşı, Xameneyinin uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi onun səhhəti və ölkəyə rəhbərlik imkanları ilə bağlı sualları artırıb. “Reuters”in avqustun 28-də yaydığı son məlumatda qeyd olunur ki, o, müharibənin başlanmasından təxminən altı ay keçməsinə baxmayaraq, ictimaiyyət qarşısına çıxmayıb.
Mənbələr onun səhhətinin yaxşılaşdığını və zehni baxımdan vəziyyətinin normal olduğunu bildirsələr də, Xameneyinin ictimaiyyət qarşısında görünməməsi İran hakimiyyətinin zirvəsində qeyri-müəyyənliklə bağlı narahatlıqları artırır.
13:08 29.08.2026
Oxunuş sayı: 54