Çingiz və Sirac: Eyni tarixlər, oxşar talelər...
Ömrüm boyu nə təsadüflərə inanmışam, nə də
mistikaya. Amma, məncə, hər şeydə bir qanunauyğunluq var. Bəlkə, elə rəqəmlərdə,
talelərdə də...
Son beş ilə
xüsusilə media nümayəndələri 29 avqustu daha çox şəhid jurnalist, Milli Qəhrəman
Çingiz Mustafayevin doğum günü kimi qeyd edirdilər. Son bir neçə ildə isə həm də
şəhid jurnalist Sirac Abuşovu xatırlayırıq. Təkrar edirəm, eyni rəqəmlər, eyni
tale...Sadəcə illər fərqlidir. İkisi də Qarabağda şəhid olub, ikisi də peşə fəaliyyətini
yerinə yetirərkən...
Bu gün həqiqəti dünyaya göstərən Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasından 66 il ötür. Hərbçi ailəsində anadan olan Çingiz Mustafayev həkim olsa da, jurnalistikaya böyük həvəs göstərib. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Sonra “215 kl” studiyasını yaratmaqla Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Çingiz Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, əsgərlər haqqında xüsusi reportajlar onun müəllifliyi ilə işıqlandırılıb.
1992-ci
ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş apararkən
aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kamerasını söndürməyib.
Çingiz Mustafayevin çəkdiyi kadrlar bu gün də Azərbaycan tarixinin ən qiymətli
sənədli materialları hesab olunur.
Sirac Abışovun anadan olmasından isə 37 il ötür.
Azərbaycan Televiziyasında (AzTV) operator vəzifəsində çalışan Siraç Abışov İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
2021-ci il
iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda
“KamAZ” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşüb. Nəticədə
AzTV-nin operatoru Siraç Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər
Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər
yaralanıb.
Əslində şəhid jurnalistlərimiz daha
çoxdur. Birinci Qarabağ müharibəsi illərində Salatın Əsgərova, Alı Mustafayev,
Fəxrəddin Şahbazov, Kazımağa Kazımov, İkinci Qarabağ savaşında isə Sırac
Abışovla yanaşı, Məhərrəm İbrahimov da şəhid oldu. Onlar həqiqət uğrunda
savaşdılar. Əllərində kamera ilə, qələmləri ilə həqiqətin üstünə yeridilər.
Bu gün ad gününü qeyd etdiyimiz Çingiz
Mustafayevlə Sirac Abuşovun timsalında bütün şəhid jurnalistlər, sözsüz ki, həm
də yetişməkdə olan gənc nəslə nümunədir.
Əgər yaşasaydılar bu gün Çingiz
Mustafayevin 66, Sirac Abuşovun isə 37 yaşacaqdı. Bəlkə də, fərqli titulları
olacaqdı. Bəlkə də, vəzifələri var idi. Amma onlar bunu yox, həqiqət uğrunda
canlarından keçməyi, beləliklə, həm də ən ali qata yüksəlməyi seçdilər.
Doğum gününüz mübarək, həmkarlar!
Ruhunuz şad, məkanınız cənnət olsun!
14:24 29.08.2026
Oxunuş sayı: 58