ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Azərbaycan-Amerika Təşkilatları Alyansının üzvləri ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Konqres Kitabxanasını ziyarət ediblər.
Dövlət Komitəsindən Crossmedia.az bildirilib ki, ziyarət Alyansın təşəbbüsü və komitənin dəstəyi ilə baş tutub.
Kitabxananın Yaxın Şərq bölməsinin müdiri Coan Uiks qonaqlara kitabxananın yaranma tarixi, fəaliyyəti və zəngin kolleksiyası barədə məlumat verib. Qeyd edib ki, kitabxananın elektron kataloqu və rəqəmsal arxivi Azərbaycanın tarixi, ədəbiyyatı, dili, Qarabağ və Şuşa, həmçinin musiqi irsi ilə bağlı zəngin məlumat bazasına çıxış imkanları yaradır.
Qonaqlar Azərbaycanla bağlı qədim və müasir nəşrlərlə də tanış olublar. Onların sırasında Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsəri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər Azərbaycan ədiblərinin yaradıcılığı haqqında nəşrlər, həmçinin ölkə tarixinin müxtəlif dövrlərini əks etdirən kitablar yer alıb.
Ziyarət çərçivəsində qonaqlara bir sıra nadir eksponatlar, o cümlədən ABŞ Konstitusiyasının ilk əlyazması nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova isə Azərbaycan mədəni irsini, tarixini əks etdirən 20-dən çox nəşri kitabxanaya hədiyyə edib.
Coan Uiks bu nəşrlərin kitabxananın Azərbaycanla bağlı kolleksiyasını daha da zənginləşdirəcəyini qeyd edərək, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
15:37 31.08.2026
Oxunuş sayı: 37