Tramp: İran nüvə silahına sahib olmayacaq
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmayacağı barədə mövqeyini bir daha açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə Trampın müsahibəsinə istinadən məlumat yayıb.
Tramp ABŞ və İsrail-in İrana qarşı hücumları ilə başlayan müharibə ilə bağlı fikirlərini bölüşüb. O, İranın ABŞ və İsrail-in hücumlarına Körfəz ölkələrinə qarşı cavab zərbələri ilə reaksiya verməsinin, özü də daxil olmaqla, hər kəs üçün gözlənilməz olduğunu bildirib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmayacağını vurğulayıb. Onun sözlərinə görə, Tehranın Körfəz ölkələrinə hücumları İranın nüvə silahına malik olacağı təqdirdə ondan da istifadə edə biləcəyi ilə bağlı narahatlıq yaradır. Tramp iddia edib ki, belə bir vəziyyət Yaxın Şərq və İsrail üçün ciddi təhlükə yarada, daha sonra isə Avropa və ABŞ-in hədəfə çevrilməsinə səbəb ola bilər.
ABŞ Prezidenti həmçinin bildirib ki, o, ABŞ Prezidenti olmasaydı, İsrail mövcudluğunu itirə bilərdi və Yaxın Şərqdə vəziyyət daha ağır ola bilərdi. Tramp ABŞ-in İrana tətbiq etdiyi dəniz blokadası və iqtisadi təzyiqlərin nəticə verdiyini bildirib. O, İranın “çökməkdə olan ölkə” olduğunu da vurğulayıb.
15:35 31.08.2026
Oxunuş sayı: 40