Gecə klubunda əylənən adam ailə başçısı ola bilməz - Sosioloq
Müasir şəhər mühitində qadın və kişilərin birgə vaxt keçirdiyi əyləncə obyektlərinin, gecə klublarının və içkili kafelərin sayının sürətlə artması cəmiyyətdə ailə institutunun gələcəyi ilə bağlı ciddi suallar doğurur. Xüsusilə Qərb həyat tərzinin təsiri ilə formalaşan bu cür asudə vaxt modellərinin gənclər arasında kütləviləşməsi tradisionist Şərq dəyərləri və milli mentalitetlə toqquşur. Cəmiyyətdə tez-tez müzakirə olunan əsas məsələlərdən biri də budur: Sərbəst əyləncə həyatına, gecə klublarına və spirtli içki mədəniyyətinə meyil edən gənclər — xüsusilə qadınlar gələcəkdə nümunəvi valideyn və məsuliyyətli ailə başçısı ola biləcəkmi? Çünki ailə institutu dərin mənəvi öhdəlik və məsuliyyət tələb etdiyi halda, gecə həyatı və əyləncə mühiti məsuliyyətdən yayınma və tam sərbəstlik ideyası üzərində qurulub. Avropada nikahdan kenar doğulan uşaqların və boşanmaların yüksək faizi bu həyat tərzinin ailə sistemini sarsıtdığını göstərən əyani nümunə kimi çıxış edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, İbn Sinanın tezisində deyildiyi kimi, hər bir şeyin mümkünlüyünə ən tutarlı dəlil onun praktikada həyata keçməsidir:
"Bu gün Avropada praktikada həyata keçən həyat tərzi nə ilə nəticələnib? Ailələrin dağılması ilə. Yəni Avropada 50%, 60%, 70% boşanma halları var. Hətta nikahdan kənar, qanundan kənar doğulan uşaqların statistikası bəzi Avropa ölkələrində 70%-ə çatır. İndi Avropa həyat tərzi nədir? Həmin gecə klubları, həmin o gecə klublarında əylənmək, alkoqollu içkilər qəbul etmək, Bu həyat tərzi ailə sistemi ilə uyğun gəlmir, bunu birdəfəlik bilmək lazımdır. Çünki ailə məsuliyyət deməkdir, gecə klublarında vaxt keçirmək isə sərbəstlik deməkdir, ailə məsuliyyətindən uzaq durmaq deməkdir. Siz neçə nəfər göstərə bilərsiniz ki, o, daim olaraq gecə klublarında əylənir və o, çox gözəl ailə başçısıdır?
Yəni bu iki həyat tərzi bir-birinə uzlaşmır və bu, bizim bir şərqli olaraq mentalitetimizə uyğun gəlmir. Biz avropalaşa bilmərik. Qloballaşan dünyada mədəniyyətlər qloballaşmağa məhkum deyil. Yəni bizim iqtisadiyyatımız, texnologiyamız, təhsilimiz, tibbimiz qloballaşa bilər, dünyanın mütərəqqi sisteminə uyğunlaşmalıdır, bu şübhəsizdir. Amma inkişaf etmiş ölkələrin həyat tərzini də biz götürməliyik? Bax, bu ciddi sualdır. Onu mütləq götürməliyik, ona məhkumuq? Xeyr. Bu gün müasir sosiologiyada etnik mədəniyyətlərin söz sahibi olması məsələsi ortadadır. Yəni etnik mədəniyyətlərin, milli mədəniyyətlərin də yaşamaq haqqı var. Bizim də özümüzün bir milli mədəniyyətimiz var, ona görə bunu birdəfəlik bilək ki, bu iki həyat tərzi ailələrin dağılmasına ciddi dırnaqarası töhfə verir."
Zeynəb Həsən
15:30 16.10.2026
Oxunuş sayı: 50