Səyavuş Aslan: Səhnənin və ekranın unudulmaz sənətkarı
Bu gün Azərbaycan teatr və kino sənətinin parlaq ulduzlarından biri, Xalq artisti Səyavuş Aslanın doğum günüdür. 1935-ci ildə Bakının Saray kəndində dünyaya göz açan sənətkarın anadan olmasından 91 il ötür. O, 2013-cü il iyunun 27-də vəfat etsə də, yaratdığı obrazlar, səmimiyyəti və sənətə olan məhəbbəti ilə hələ də tamaşaçıların qəlbində yaşayır.
Səyavuş Məmmədağa oğlu Aslanov sənətə peşəkar təhsil almadan, həvəskar dram dərnəklərindən gəldi. 1940-50-ci illərdə Atamoğlan Rzayev, Ağadadaş Qurbanov, Qurban Musayev və Ağasəlim Manaflının rəhbərlik etdiyi dərnəklərdə çıxış edərək sənətin sirlərinə yiyələndi. 1954-cü ildə musiqili komediya estrada truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında qısa müddət çalışdıqdan sonra 1959-cu ildə Bakıya qayıtdı və ömrünün böyük hissəsini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağladı. Uzun illər bu teatrın aparıcı aktyoru oldu, 1994-1996-cı illərdə isə bədii rəhbər kimi fəaliyyət göstərdi. 1984-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə qoşuldu.
Səyavuş Aslan komik rolların mahir ifaçısı kimi tanınsa da, dramatik və faciəvi obrazları da eyni ustalıqla canlandırırdı. Onun səhnədə və ekranda yaratdığı Bayram (“Kəndimizin mahnısı”), İbişov (“Özümüz bilərik”), Şubay (“Ulduz”), Dadaşbala (“Hicran”) və digər obrazlar tamaşaçı yaddaşında silinməz iz qoyub. “Ulduz”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” kimi filmlərdəki rolları onu bütün ölkəyə sevdirmişdi. Televiziya tamaşalarında yüzdən çox obraz ifa etmişdi.
Sənətə səmimi münasibəti və peşəkarlığı dövlət tərəfindən də qiymətləndirilmişdi. 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenləri ilə təltif olunmuşdu. Prezident təqaüdçüsü idi.
Səyavuş Aslan sadəcə aktyor deyildi. O, səhnənin sevgilisini, tamaşaçının dostunu, sənətə vurğun bir insanı təcəssüm etdirirdi. Gülüş və kədəri, zarafat və dərinliyi eyni dərəcədə ustalıqla çatdırırdı. Onun oyun tərzi təbii, səmimi və xəlqi idi — bu da onu milyonların sevimlisinə çevirmişdi.
Bu gün, doğum günündə onu bir daha xatırlayırıq. Ruhu şad, məkanı cənnət olsun. Azərbaycan sənət tarixində Səyavuş Aslan adı əbədi yaşayacaq.
Nigar Xəlilli
16:15 05.09.2026
Oxunuş sayı: 45