Xəlvəti şeyxi Əsgəri Gülaboğlu yaradıcılığında Seyid Yəhya Bakuvi irsinin təzahürləri
Ölkəmizdə Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş tədbir İslam dünyası üçün olduqca əhəmiyyətlidir. Seyid Yəhya Bakuvinin irsi Azərbaycan təsəvvüf mədəniyyətinin İslam dünyasının ümumi mənəvi və mədəni irsi ilə əlaqəsini göstərən mühüm nümunələrdən biridir. Onun fəaliyyəti xüsusilə Xəlvətilik ənənəsinin formalaşması və yayılması baxımından əhəmiyyət daşıyır. Bakuvi ənənələrini davam etdirən türk təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığının geniş şəkildə araşdırılıb öyrənilməsi daim diqqət mərkəzində olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevanın təqdim etdiyi yazı bu baxımdan elmi maraq kəsb edir.
XVII əsr Osmanlı İmperiyasının müxtəlif ərazilərində, xüsusilə Anadoluda təriqətlərin daha çox inkişaf etdiyi bir dövrdür. Anadoluda təmsil edilən təriqətlər Xəlvətiyyə, Mövləviyyə, Bahramiyyə, Cəlvətiyyə, Nəqşbəndəniyyə, Qadiriyyə, Səmərqəndəniyyə, Zeyniyyə, Kübreviyyə və Şazəlliyədir.
Bu dövrdə Anadoluda ən geniş yayılan təriqət “Xəlvətiyyə” təriqətidir.
Xəlvətilik – İslamda ən geniş yayılmış sufi təriqətlərindən biridir. Yaxın dövrə aid konkret olaraq bu mövzu dairsində aparılmış elmi araşdırmalar göstərir ki, Xəlvətilik Azərbaycanda qurulmuş və buradan Anadoluya Anadoludan Balkanlara,Suriya, Misir, quzey Afrika, Sudan, Həbəşistan və quzey Asiyaya yayılmışdır. Təriqətin birinci piri Ömər əl-Xəlvətidir ( h.800/1397-98).
Xəlvətiliyin ikinci Piri Seyyid Yəhya Şirvani-Bakuvi ( 868/1463-64) olub. Şamaxıda doğulub, Şeyx Sədrəddin Xəlvətinin müridi olub, uzun bir müddət Bakıda yaşayıb, burada dünyasını dəyişib, qəbri Şirvanşahlar kompleksi içərisindədir, tarixi abidə kimi qorunur.

Orta çağlara aid mənbələrdə Seyyid Yəhya Bakuvi haqqında xeyli məlumat olsa da, təəssüflə etiraf etməliyik ki, yaxın dövrə qədər əsərlərinin nəinki əlyazmaları, hətta surətləri belə vətənində yox idi və haqqında heç bir konkret araşdırma aparılmamışdı. Əslən Türkiyədən olan Mehmet Rıhtım dünya əlyazma xəzinələrində Seyyid Yəhyanın ərəb, fars, türk dillərində yazdığı 20-dən artıq əsərini üzə çıxarmış, Azərbaycanda "Şərq ədəbiyyatında Xəlvətilik təsəvvüfi görüşlərin təşəkkülü və Seyyid Yəhya Bakuvi yaradıcılığı" mövzusunda dissertasi-ya işi müdafiə edərək fililologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M. Rıhtım həmçinin Bakıda "Seyyid Yəhya Bakuvi və Xəlvətilik" adlı monoqrafiyası ilə yanaşı Şeyx Yəhya Şirvaninin "Şifa əl-əsrar" əsərini nəşr etdirmişdir.
Əlyazmaşünas alim, filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəylinin “Dədə Ömər Rövşəni və Külliyyatı” adlı kitabında Xəlvətilik təriqəti, bu təriqətin nümayəndələrindən biri, Seyid Yəhya Bakuvi yetirməsi Dədə Ömər Rövşəninin həyat və yaradıcılığı, əsərlərinin əlyazma nüsxələri haqqında aparılan araşdırmalar işıqlandrılmışdır.
Filologiya üzrə elmlər doktoru Nəzakət Məmmədlinin 2016-cı ildə nəşr olunan “Azərbaycandan dünyaya doğan günəş Seyid Yəhya Şirvani və Xəlvətilik” adlı kitabında Xəlvətilik təriqəti haqqında, Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığı ilə bağlı əhatəli məlumat verilmişdir.
Azərbaycanda təsəvvüf sahəsində yetişmiş görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi və onun yenidən təsis etdiyi xəlvətilik XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır.
Təsisçilərinin hamısı azərbaycanlı olan xəlvətiliyi S.Y.Bakuvi ətrafa mürşidlər göndərməklə məhəlli bir təriqət olma xarakterindən çıxarıb Şirvan xaricinə yaymışdır. Xəlvətilik hələ S.Yəhya həyatda olarkən Azərbaycanın hər tərəfinə (xüsusilə Şamaxı, Bakı və Təbrizə) ,İranda və Osmanlı dövlətində yayılmışdır. S.Yəhyanın vəfatından təqribən 40 il sonra isə xəlvətilik Azərbaycandan sonra Osmanlı imperiyası torpaqlarının hər tərəfində Balkan, Orta Asiya, Qafqaz və Anadolunun ən böyük təriqəti kimi iyirmiyə yaxın qola, yüzlərlə təkyə və yüz minlələ müridə sahib olmuşdur..
Seyid Yəhya Şirvanidən sonra Xəlvətiyyə təriqəti müxtəlif qollara ayrılmağa başlamışdır. Bu qollar arasında 4 qol daha geniş yayılmış, islam dünyasının dini fəlsəfi düşüncəsinin təşəkkül tapmasında və inkişafında böyük əhəmiyyətə səbəb olmuşdur. Bu əsas qollar aşağıdakılardan ibarətdir:
1.Rövşəniyyə qolu. Bu qolun yaradıcısı Seyid Yəhyanın baş xəlifəsi və davamçısı olan Dədə Ömər Rövşəni olmuşdur.
2.Cəmaliyyə qolu. Bu qolu Çələbi Xəlifə adı ilə məşhur olan Şeyx Mehmed Çələbi Cəmalə yaratmışır.
3.Şəmsiyyə qolu. Xəlvətiyyə təriqətinin ana qollarından hesab edilən Şəmsiyyənin qurucusu Şeyx Şəmsəddin Əhməd Sivasidir.
4.Əhmədiyyə qolu. Bu qolun yaradıcısı Əhməd Şəmsəddin Mərmərəvi olmuşdur.
Xəlvətiyyə təriqətində müridin hər gün tək başına oxuduğu zikrlər, dualar və virdlər vardır. Xəlvətiyyədə nəfsin "pisliklərdən və günahlardan" uzaqlaşdılması əsasdır. Bunun yolu da dillə, qəlblə, ruhla və sirrlə edilən zikrdir. Təsəvvüfdə önəm verilən az yemə, az danışma, az uyuma, inziva, zikr, fikir, şey-xə könüldən bağlı olmağa Xəlvətilikdə həssaslıqla yanaşılır. Müşahidə mərtəbəsinə yetişmək üçün mücadilə şərtdir. Azərbaycan torpaqlarında meydana gəlmiş və yayılmış bu təriqətin başda Yəhya Şirvani olmaqla ən böyük başçıları da bu dövrdə və bu ərazidə yaşamış, fəaliyyət göstərmişlər. Bu böyük şəxsiyyətlər hər zaman sülh və birlik tərəfdarı olmuş, dövlətlə xalqın vəhdətini doğurmağa çalışmaqdır
Qeyd etdiyimiz kimi, XVII əsr osmanlı dövr türk təsəvvüf ədəbiyyatının inkişafında təriqətlərin xüsusi önəmi olmuşdur. Müxtəlif təkkə, cami və mədrəsələr bu inkişafa təsir edən amillərdir. Bu dövrdə təkkələr ən üst səviyyədə olmuşdur. Bütün təriqətlər Anadoluda qurduqları təkkələrdə, cami və mədrəsələrdə təsəvvüfü yaymaq, xalqın irfan səviyyəsini qaldırmaq məqsədi ilə sıx fəaliyyət göstərmişlər. Dövrün ən məşhur şair və sənətkarları təkkə atmosferi içində təsəvvüf təsirilə yetişmişdir. Əvvəlki əsrlərə nisbətən bu dönəmin say baxımından çox olan təkkə şairləri dini və təsəvvüf əsaslarını geniş xalq kütlələrinə çatdırılması üçün çalışmışlar.
Təkkə və təsəvvüf mühitlərində klassik poetik yanaşmalara uyğun divanlar yazan şairlər olub. Onların şeirlərində, ümumiyyətlə, tərbiyəvi üslub, yəni didaktik üslub qəbul edilmişdir. Onlar təsəvvüf mövzularına oxucunun başadüşəcəyi aydın və birbaşa şəkildə müraciət etməyə çalışırdılar. XVII əsrdə sufi poeziyasının ən mühüm nümayəndələrindən biri Elmalılı Ümmi Sinandır. O, “Kütbü’l-məani” və xüsusilə “Divan”ı ilə sufi poeziyasının aparıcı simalarından biri olmuşdur.
Ümmi Sinandan aldığı ilhamı İbn Ərəbinin baxış bucağından şərh edərək təsəvvüf ədəbiyyatında özünəməxsus bir mövqe qazanan Niyazi Misri bu əsrin, doğrudan da bütün türk ədəbiyyatının ən lirik sufi şairlərindən biridir. Niyazi Misrinin divanında sufi şövqü və həyəcanının dil və üslub zövqü ilə inteqrasiyası nümayiş etdirilir. Onun ətrafında formalaşan lətifələr, şeirlərinə yazılan misra və təfsirlər, ən əsası isə əsərləri XVII əsrdə dini-mistik poeziyada yeni bir dövrün başlanğıcını qoydu.
Bu dövr türk təsəvvüf ədəbiyyatının qüdrətli simaları sırasında xəlvəti nümayəndəsi Əsgəri Gülaboğlunun xüsusi yeri vardır.
Daha öncə bildirdiyimiz kimi Seyid Yəhya Bakuvi tərəfindən Azərbaycanda (Bakı və Şirvanda) əsası qoyulan təriqət prinsipləri, sonrakı əsrlərdə Anadolu və Osmanlı mədəni mühitinə də dərindən nüfuz etmişdir. Əsgəri Gülaboğlu kimi mütəfəkkirlər bu mənəvi körpünü öz yaradıcılıqları vasitəsilə qoruyub saxlamış və inkişaf etdirmişlər. Seyid Yəhya Bakuvi bu təriqətin ikinci qurucusu (piri-sanisi) hesab olunur. Əsgəri Gülaboğlu isə bu məktəbin sonrakı əsrlərdə yetişmiş görkəmli bir xəlvəti şeyxi və nümayəndəsidir
Əsgəri Gülaboğlu XVII əsrin əvvəllərində Kütahyanın Altıntaş mahalının indi Çayırbaşı kimi tanınan Zemme kəndində anadan olmuşdur.
Əsl adı Məhəmməd (Mehmed), təxəllüsü Əsgəridir. Atasının adına görə "Gülabi", "Gülaboğlu" və "Çalık Məhəmməd Ağa" ləqəbləri ilə də tanınmışdır.
Afyonkarahisarda ona hörmət və sevgi əlaməti olaraq "Əsgəri Baba” və ya “Əsgəri Dədə” adı da verilmişdir. Divanındakı şeirlərdə adı və təxəllüsü “Məhəmməd”, “Gülaboğlu”, “Gülaboğlu Məhəmməd”, “Məhəmməd Xan”, “Əsgəri”, “Dərviş Əsgəri” kimi də verilmişdir. O, adını bir dördlükdə nida ilə Məhəmməd Gülaboğlu elan edib. Başqa bir şerində isə adını açıq şəkildə Gülaboğlu Məhəmməd olaraq qeyd etmişdir:
Laməkan iqliminün şəhrində nuri-mübhəmüz
Bil, Gülaboglı Məhəmməddir bu yerdə adımuz .
İlk təhsilini kəndlərindəki mədrəsədə atasından almışdır. Daha sonra təhsilini Kütahyada davam etdirmişdir. Elmini zənginləşdirmək üçün bir müddət Şamda, Buxarada yaşamışdır.Qayıtdıqdan sonra Kütahyada mürşidi Elmalılı Ümmi Sinanın ruhani rəhbərliyini və icazəsini alaraq ona tabe olmuş, Xəlvətilik təriqətinə yönəlmişdir. Şair şeirlərində tez-tez Ümmi Sinanı öz müəllimi kimi xatırlamışdır
Əsgəri Məhəmməd Ümmi Sinandan icazə aldıqdan sonra Kütahyada müdərrislik etmişdir. Beş-on il orada xidmət etdikdən sonra 1650-ci illərdə Dəlibaş qiyamından sonra müdərris çatışmazlığı səbəbindən Afyonkarahisara köçmüş və çoxlu sayda tələbə yetişdirmişdir. Otuz-qırx il Afyonkarahisarda çalışmış İslama və bağlı olduğu Xəlvəti təriqətinə xidmət etmişdir. O, tələbələrinə Xəlvəti təriqətinin qaydalarını öyrətmiş, şeirlərində tez-tez Xəlvəti təriqətindən bəhs etmişdir:
Biz təriqi-xələvətiyüz elmi-hikmət bizdədür ,
Bəzmi-eşqə söhbətiyüz baki söhbət bizdədür.
Əskəri Məhəmməd müdərris olduğu Afyonkarahisarda hicri 1104/miladi 1693-cü ildə vəfat etmişdir.
Xəlvəti şeyxi və sufi şairi Əsgərinin yaradıcılığına “Divan”, "Cameyi-əsrar" məsnəvisi və "Sülükus-salikin fi bəyani-əsrarül arifin" risaləsi daxildir.
"Cameyi-əsrar" (Sirlər toplusu) dini-fəlsəfi və təsəvvüfi mövzuları əhatə edən didaktik-epik əsərdir. Əsərdə Xəlvətilik təriqətinin fəlsəfəsi, ilahi eşq, əxlaqi dəyərlər və təsəvvüf ehkamları bədii dillə izah olunur.
"Sülükus-salikin fi bəyani-əsrarül-arifin” - Təsəvvüf yoluna qədəm qoyanların əxlaqi və mənəvi tərbiyəsini (suluk) təsvir edən 22 səhifəlik nəsr risaləsidir.
Afyonkarahisarda qələmə alınan, “Divani-İlahiyyat” kimi də tanınan şairin “Divan”ı heca və əruz vəzni ilə yazılmış üç mindən çox beytdən ibarətdir
Əsgəri şeirlərində Allah, Məhəmməd Peyğəmbər, kainatın yaradılışı, elm, hikmət, qəlb, insanlıq, misralar mövzularına tez-tez toxunmuşdur. Şair Quran və onun təfsirini elm və hikmət mənbəyi kimi göstərmişdir. Şair kamil insan olmağın yollarını nümayiş etdirərək ədəb, əxlaq, qanelik, zəhmətkeşlik mövzularına müraciət etmişdir. O, özünü və Allahı tanımaq məqsədi güdürdü. O öz şerlərində sünni təqvalı, hər şeydən qoparaq, Allahın təcəllisinə şahid olan həyatını əks etdirmişdir. Şair tez-tez zahidə müraciət edərək ikiüzlülükdən və təvazökarlıqdan uzaq bir həyatı təsvir edirdi.
Gülaboğlu yaradıcılığında insanın mənəvi dünyasına müraciət, onun daxili ziddiyyətlərinin və mənəvi seçimlərinin ön plana çəkilməsi Seyid Yəhya Bakuvi irsinin əsas ideya istiqamətləri ilə səsləşir. Bakuvi düşüncəsində insanın kamilləşməsi ilk növbədə onun öz daxilinə yönəlməsi, nəfsini tərbiyə etməsi və mənəvi həqiqəti dərk etməsi ilə bağlıdır. Bu prinsipin müasir ədəbi düşüncədə yenidən aktuallaşdırılması Bakuvi ənənəsinin məzmun baxımından davamlılığını göstərən mühüm amillərdən biridir.
Əsgəri Bakuvi irsini birbaşa təkrarlayan şair kimi deyil, onun formalaşdırdığı Xəlvəti-irfani düşüncə xəttinin sonrakı nümayəndələrindən biri kimi dəyərləndirilə bilər.
Türkiyədə şairin yaradıcılığı müxtəlif mövzularda araşdırılmışdır. Azərbaycanda Əsgəri Gülaboğlu ilə bağlı yaxın zamanadək heç bir tədqiqat aparılmamışdır. İlk dəfə olaraq tərəfimizdən bu istiqamətdə araşdırmalar aparılmış, şairin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda digər əsərləri də daxil olmaqla “Divan”ının 25-ə yaxın əlyazma nüsxəsi aşkar edilmişdir. Həmin nüsxələr əsasında “Divan”ın transfoneliterasiyası tamamlanmışdır. Qeyd etməliyəm ki, şairin dövrü, mühiti, həyat və yaradıcılığı, əsərlərinin əlyazma irsi haqqında zəngin məlumatlar toplayaraq hazırladığımız monoqrafiya yaxın zamanlarda nəşrə təqdim ediləcəkdir.

Tünzalə Əlizadə qızı Seyfullayeva
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi
13:33 18.09.2026
Oxunuş sayı: 105