Bakıda Çin Xalq Respublikasının ildönümü qeyd edilir
Bakıda Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Azərbaycan rəsmilərinin, diplomatların, beynəlxalq təşkilatların, işgüzar dairələrin və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirdə ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, həmçinin Azərbaycanın və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri iştirak edirlər.
Tədbir Azərbaycan və Çin arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndiyi bir dövrə təsadüf edir. Tərəflər ticarət-investisiya əməkdaşlığının genişləndirilməsi və regional marşrutlar üzrə nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işi davam etdirirlər.
Azərbaycan və Çin, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı genişləndirirlər. Bu çərçivədə Azərbaycan Orta Dəhliz vasitəsilə Çini Avropa və regional bazarlarla birləşdirən tranzit qovşağı kimi mühüm rol oynayır.
Qəbul Çin Xalq Respublikasının oktyabrın 1-də qeyd olunacaq 77-ci ildönümü ərəfəsində keçirilir. ÇXR 1 oktyabr 1949-cu ildə elan edilib və bu tarix hər il Çinin Milli Günü kimi qeyd olunur.
18:44 23.09.2026
Oxunuş sayı: 39