Kartdan pul çıxdı, qarşı tərəfə çatmadı: Vəsait harada ilişib qalır?
Bank köçürmələrinin gündəlik ödənişlərdə geniş istifadə olunması fonunda vəsaitin göndərənin hesabından silinməsinə baxmayaraq, qarşı tərəfin hesabına gecikmə ilə mədaxil edilməsi halları müştərilərin diqqətini çəkir. Azərbaycan qanunvericiliyinə əsasən, banklar pul köçürmələrini müəyyən edilmiş qaydalara və müvafiq müqavilələrə uyğun həyata keçirməlidir.
Belə vəziyyətlərdə gecikmənin hansı mərhələdə yarandığı, bankın və ya ödəniş sisteminin məsuliyyət daşıyıb-daşımadığı və müştərinin hüquqlarını necə qoruya biləcəyi məsələləri aktuallaşır. Xüsusilə ani ödəniş sistemlərində köçürmələrin real vaxtda həyata keçirilməsi nəzərdə tutulduğundan, vəsaitin gecikməsi halında problemin səbəbinin müəyyənləşdirilməsi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında İKT eksperti Vüsal Məmmədzadə pulun göndərənin hesabından çıxmasına baxmayaraq, qarşı tərəfin kartına dərhal çatmamasının müxtəlif texniki səbəblərlə bağlı ola biləcəyini bildirib. Onun sözlərinə görə, kartdan-karta köçürmə zamanı proses yalnız iki bank arasında baş vermir, burada bankların sistemləri ilə yanaşı, ödəniş infrastrukturu və prosessinq sistemləri də iştirak edə bilər: “Göndərən bank əməliyyatı təsdiqləyib və məbləği hesabdan çıxarıb, amma əməliyyat növbəti mərhələdə texniki xəta və ya sistemdə yaranan gecikmə səbəbindən tamamlana bilməyib. Bank sistemlərində yüksək yüklənmə, müvəqqəti texniki nasazlıq, rabitə problemi, sistem yenilənməsi və ya banklar arasında məlumat mübadiləsinin gecikməsi belə vəziyyət yarada bilər”.
Vüsal Məmmədzadə bəzi hallarda təhlükəsizlik sistemlərinin də əməliyyatı əlavə yoxlamaya göndərə bildiyini vurğulayıb: “Bəzən təhlükəsizlik sistemi də əməliyyatı əlavə yoxlamaya göndərə bilər. Bu zaman istifadəçi öz hesabında pulun çıxdığını görür, amma qarşı tərəfdə məbləğ hələ görünmür. Əməliyyat uğursuz olarsa, müəyyən müddətdən sonra vəsait göndərənin hesabına avtomatik qaytarıla da bilər”.
Ekspert belə hallarda eyni məbləğin təkrar göndərilməsinin düzgün olmadığını diqqətə çatdırıb: “Ona görə belə vəziyyətdə eyni məbləği dərhal ikinci dəfə göndərmək düzgün deyil. İlk növbədə əməliyyatın statusunu yoxlamaq və bankla əlaqə saxlamaq lazımdır. Çünki problem pulun itməsindən çox, əməliyyatın hansı mərhələdə dayanması ilə bağlı ola bilər”.
İqtisadçı Ruslan Atakişiyev bank köçürmələrində yaranan gecikmələrin müxtəlif hallarda iqtisadi itkilərə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə ölkələrarası köçürmələrdə və müəyyən ödənişlərin qarşı tərəfin hesabına oturması zamanı gecikmələrə rast gəlmək mümkündür: “Ümumiyyətlə, bank köçürmələrində bu kimi hallar olur. Deyək ki, ölkələrarası əməliyyat köçürmələrini həyata keçirən zaman bəzi hallarda bir gün çəkir, digərində isə vəsaitin hesaba oturması daha uzun vaxt ala bilir. Başqa ölkələrə edilən köçürmələrdə belə vaxt məsələləri olur. Bunlara rast gəlmək mümkündür. Yaxud da hər hansı bir borcun ödənilməsi, bir şirkətə pul ödənilməsi zamanı vəsaitin qarşı tərəfin hesabına oturması gecikə bilər”.
Ruslan Atakişiyev bu cür gecikmələrin köçürmə planlaşdırılarkən nəzərə alınmasının vacibliyini vurğulayıb. “Əslində, bu kimi gecikmə halları köçürmələri həyata keçirərkən nəzərə alınmalıdır və buna uyğun olaraq öz köçürmələrini həyata keçirməlidirlər. Amma belə deyək ki, bu köçürmələri vaxtında etməyən və yaxud da vaxtında edib gecikmələrlə üzləşən insanlar müxtəlif dərəcədə, o köçürmənin vacibliyindən və köçürüləcək məbləğin verilmə şərtlərindən asılı olaraq, hər hansı iqtisadi itkilərə məruz qala bilərlər”.
İqtisadçı əlavə edib ki, belə halların iqtisadi nəticələrini qiymətləndirərkən konkret vəziyyət nəzərə alınmalıdır: “Amma bu da yenə real keyslərin üzərindən baxılmalıdır”.
Nigar Xəlilli
19:00 23.09.2026
Oxunuş sayı: 39