Sirlər üzə çıxdı: Rusiya Çinə məlumat ötürür
Nüfuzlu "The Economist" nəşrinin Avropa kəşfiyyatının gizli hesabatlarına istinadən yaydığı məlumata görə, Rusiya Ukraynadakı müharibədə qazandığı real döyüş təcrübəsini aktiv şəkildə Çin ordusuna ötürür. 2024-cü ildən bəri Çin hərbçilərinin Volqoqrad yaxınlığındakı poliqonlarda Ukraynanın şərqindəki qanlı döyüşlərdən çıxmış Rusiya Silahlı Qüvvələrinin 8-ci ümumqoşun ordusu ilə birgə keçirdiyi bu təlimlər beynəlxalq hərbi-siyasi dairələrin diqqət mərkəzindədir. Pekinin müasir müharibə taktikalarını mənimsəmək cəhdləri, Moskva-Pekin hərbi yaxınlaşması və bunun qlobal güc balansına təsirləri barədə hərbi ekspert Azad İsazadə Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, müttəfiq dövlətlər arasında təcrübə mübadiləsi geniş yayılmış hərbi praktikadır, lakin təlimlə real döyüş meydanı fərqlidir:
"Müttəfiq dövlətlərin öz hərbi təcrübələrini bölüşməsi geniş istifadə olunan bir praktikadır. Bu baxımdan Rusiya və Çini müttəfiq kimi dəyərləndirmək olar. Sirr deyil ki, Çinin İkinci Dünya müharibəsindən sonra böyük ölçekli praktiki döyüş təcrübəsi yoxdur. Koreya müharibəsində Şimali Koreya və Sovet ordusu ilə birlikdə BMT bayrağı altında çıxış edən ABŞ qüvvələrinə qarşı döyüşsələr də, bu, Çin üçün ağır itkilərlə nəticələndi. Daha sonra Vyetnamla müharibə də Çin ordusu üçün uğursuzluqla yekunlaşdı. Üstəlik, həmin müharibələr XX əsrin klassik prinsiplərinə söykənirdi.
Bu gün isə XXI əsrdir. Biz istər İkinci Qarabağ müharibəsində, istərsə də Ukraynadakı genişmiqyaslı əməliyyatlarda yeni texnologiyaların müharibə prinsiplərini tamamilə dəyişdiyini gördük. Çin bu texnologiyaları və taktikaları öyrənməyə çalışır. Lakin bir həqiqəti anlamaq lazımdır: poliqonlarda neçə təlim keçirilsə də, real döyüş təcrübəsini və döyüş qabiliyyətini ancaq bilavasitə müharibə meydanında qazanmaq mümkündür. Digər tərəfdən, Rusiya-Ukrayna və ABŞ-İran münaqişələri göstərir ki, hegemon dövlətlər belə artıq istədikləri nəticəni tez bir zamanda əldə edə bilmirlər. Çin isə birbaşa hərbi konflikta qoşulmadan qlobal liderə çevrilsə də, müasir ordunun vacibliyini anlayır və intensiv hazırlıq görür".
A.İsazadə vurğulayıb ki, Rusiyanın Ukraynadakı təcrübəsi Çinin Tayvan planları və ya dəniz əməliyyatları üçün tam adekvat deyil:
"Müasir müharibədə PUA və Radioelektron Mübarizə (REM) texnologiyaları nə qədər mühüm rol oynasa da, Tayvana dənizdən genişmiqyaslı desant çıxarılması üçün tamamilə fərqli təcrübəsi tələb olunur. Rusiya-Ukrayna müharibəsində isə belə bir praktiki təcrübə, demək olar ki, yoxdur.
Bundan başqa, XXI əsrin müharibələri göstərdi ki, nəhəng hərbi donanmalar artıq əvvəlki kimi həlledici rol oynamır. Ukrayna faktiki olaraq güclü dəniz flotuna malik olmadan Rusiyanın Qara dəniz donanmasını darmadağın etdi və gəmilərin Novorossiysk və Abxaziyaya sığınmasına məcbur etdi. Oxşar mənzərəni ABŞ və İran qarşıdurmasında da görürük. ABŞ-nin aviadaşıyıcı və gəmilərindən qalxan raket və təyyarələr zərbələr endirsə də, təkcə donanma gücü ilə vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmur. Məhz bu faktlar gələcəkdə Hind-Sakit okeanı regionunda hegemonluq etmək istəyən Çin üçün yeni hərbi-strateji suallar yaradır".
Fatimə Cabbarlı
18:00 25.07.2026
Oxunuş sayı: 71