Rusiya - Azərbaycan münasibətlərinin yaxşı olması tərəflərin dövlət maraqlarına uyğundur
Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanın Cənubi Qafqazda mühüm tərəfdaş olduğunu bəyan etməsi Moskvanın rəsmi mövqeyində müsbət mesaj kimi qiymətləndirilsə də, son aylarda Rusiya siyasi dairələri və media məkanından, bəzi rəsmi dairələrindən Bakıya ünvanlanan ziddiyyətli bəyanatlar bu açıqlamanın nə dərəcədə səmimi olduğu ilə bağlı suallar doğurur. Mövcud geosiyasi reallıqlar fonunda diqqət çəkən əsas məqam isə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı diplomatik vəziyyətinin hansı mərhələdə olması və tərəflərin qarşılıqlı etimadı bərpa etmək istiqamətində real iradə nümayiş etdirib-etdirməməsidir. Rusiya dairələrinin ziddiyyətli və qərəzli çıxışları, anti-Azərbaycan kompaniyaları verilən müsbət bəyanatları da kölgədə qoyduğu üçün verilən mesajların səmimiliyi şübhə doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycanın xarici siyasət doktrinasının əsas prinsiplərindən biri qonşularla dinc yaşamaqdır və Azərbaycan bu münasibətlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır: "Ümumilikdə Azərbaycan bütün qonşularla münasibətlərini yaxşılaşdırmaqda maraqlıdır. Rusiya ilə də Azərbaycanın münasibətləri də həmişə yaxşı olub. Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşı olması həm Azərbaycanın, həm də Rusiyanın dövlət və milli maraqlarına uyğundur. Rusiya-Ukrayna münaqişəsindən sonra Rusiyanın Avropa ilə əlaqələri ciddi şəkildə məhdudlaşıb. Belə bir şəraitdə Rusiyanın cənub istiqamətinin işlək vəziyyətdə olması üçün Azərbaycanla münasibətlər mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üzərindən keçir. Rusiya bu marşrut vasitəsilə İrana, İran körfəzinə və oradan Hind okeanına çıxış imkanları əldə edir. Bu baxımdan Azərbaycan-Rusiya münasibətləri inkişaf etməkdədir".

Deputat qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına dair rəsmi səviyyədə müsbət mesajların verildiyi bir vaxtda Moskvanın informasiya məkanında dövlətimizə qarşı hücum dalğalarının başladığı zamanlarda olub: "Təəssüf ki, bəzən Rusiyanın rəsmi diplomatiya başqa istiqamətdə, informasiya cəbhəsi isə tamam başqa istiqamətdə hərəkət edir. Yaşanan bütün gərginliklərə baxmayaraq, Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər hazırda inkişaf edir və Rəsmi Kremli də əlaqələrin "strateji müttəfiqlik" səviyyəsində olduğunu bəyan edir".
Ayhan
12:30 18.07.2026
Oxunuş sayı: 55