Putin müharibəni davam etdirmək, Tramp isə geri çəkilmək istəyir
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirir, çünki hərbi təzyiq olmadan güzəştlər əldə edə biləcəyinə inanmır. ABŞ Prezidenti Donald Tramp isə İranla qarşıdurmada kampaniyanın uzanacağını gördükdən sonra danışıqlara qayıtmağa və ABŞ üçün riskləri azaltmağa çalışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri Rusiya-Ukrayna və ABŞ-İran qarşıdurmalarını müqayisə edən təhlilində yazıb.
Nəşrin qeyd etdiyi kimi, həm Rusiya, həm də ABŞ özlərindən daha zəif rəqiblərlə qarşıdurmaya onların tez bir zamanda şərtlərini qəbul edəcəyinə ümid edərək başlayıblar. Lakin nə Moskva, nə də Vaşinqton gözlədiyi siyasi nəticəni əldə edə bilib.
Məqalədə vurğulanır ki, Putin müharibəni hakimiyyətinin əsas layihəsinə çevirib və artıq kursunu asanlıqla dəyişə bilmir. O hesab edir ki, Ukrayna və Qərbi güzəştlərə məcbur etməyin yeganə yolu cəbhədə hərbi təzyiqi və zərbələri davam etdirməkdir. Bu səbəbdən Kreml böyük itkilərə, iqtisadi çətinliklərə və həlledici irəliləyişin olmamasına baxmayaraq müharibəni davam etdirir.
NYT yazır ki, Tramp isə fərqli yanaşma nümayiş etdirib. Onun İranla bağlı məqsədləri zaman-zaman dəyişib və əməliyyatın uzunmüddətli xarakter ala biləcəyi məlum olduqdan sonra o, danışıqlara qayıtmağa və ABŞ üçün riskləri minimuma endirməyə üstünlük verib.
Nəşrin qənaətinə görə, Putin nəticə əldə etmədən müharibədən çıxmaqdan ehtiyat etdiyi üçün qarşıdurmada “ilişib qalıb”. Tramp isə ABŞ-nin İrana qarşı hərbi imkanları Rusiyanın Ukraynadakı potensialından xeyli üstün olsa da, qarşıdurmanın qiyməti həddən artıq yüksəldikdə dayanmağa hazır olduğunu göstərib.
20:05 12.07.2026
Oxunuş sayı: 69