KİV: Mümkün yeni müharibədə Azərbaycan Ermənistana sürətlə qalib gələ bilər
Yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə Azərbaycanın hava üstünlüyü Ermənistana qarşı həlledici amil ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin ˝The National Interest˝ jurnalında dərc olunan məqalədə bildirilir.
Milli təhlükəsizlik, texnologiya və siyasi mədəniyyət sahələri üzrə ixtisaslaşmış amerikalı hüquqşünas və analitik Harrison Kass yazır ki, Azərbaycanın aviasiya, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli silahlar sahəsindəki üstünlüyü Ermənistanın hava məkanında rəqabət aparmasını xeyli çətinləşdirir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın əhalisi təxminən 10,69 milyon, ÜDM-i isə 76 milyard dollar olduğu halda, Ermənistanda bu göstəricilər müvafiq olaraq 2,96 milyon nəfər və 31,87 milyard dollar təşkil edir. Müəllifin fikrincə, bu fərq Bakıya müdafiə xərclərini artırmaq və müasir silah sistemləri əldə etmək imkanı verir.
Analitik bildirir ki, Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalında pilotsuz uçuş aparatları istisna olmaqla təxminən 167 təyyarə və helikopter, Ermənistanın isə təxminən 70 hava vasitəsi var. Şəxsi heyətin sayı da Azərbaycanda təxminən 15 min, Ermənistanda isə 5 min nəfər qiymətləndirilir.
Məqalədə Azərbaycanın əsas döyüş aviasiyasının MiQ-29 qırıcıları, Su-25 hücum təyyarələri və silahlanmaya qəbul edilən JF-17 Thunder təyyarələrindən ibarət olduğu qeyd edilir. Həmçinin Türkiyənin Bayraktar TB2, İsrailin Harop və SkyStriker pilotsuz sistemlərinin Azərbaycanın üstünlükləri sırasında xüsusi yer tutduğu vurğulanır.
Ermənistanın isə dörd ədəd Su-30SM qırıcısı, Su-25 təyyarələri və müxtəlif helikopterlərə malik olduğu, lakin silahlanma, idarəetmə infrastrukturu və koordinasiya problemləri səbəbindən bu imkanlardan tam istifadə edə bilmədiyi iddia olunur.
Məqalə müəllifi xatırladır ki, İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları və kamikadze sursatlar həlledici rol oynayıb. Onun fikrincə, Azərbaycan həmin dövrdən sonra da Türkiyə və İsrail istehsalı olan müdafiə texnologiyalarına investisiyalarını davam etdirərək kəşfiyyat, radioelektron mübarizə, dəqiq zərbələr və hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasına əsaslanan hərbi model formalaşdırıb.
Harrison Kass hesab edir ki, kənar müdaxilə olmadığı halda mümkün yeni münaqişədə Azərbaycanın müasir qırıcı təyyarələri, çoxsaylı pilotsuz sistemləri və hava hücumundan müdafiəni zəiflətmək imkanları ona qısa müddətdə hava üstünlüyü qazandıraraq Ermənistan üzərində qələbə əldə etməsinə şərait yarada bilər.
Məqalənin sonunda vurğulanır ki, müəllifin qiymətləndirməsinə görə, Ermənistan üçün ən əlverişli ssenari münaqişənin sülh yolu ilə həllidir.
13:12 12.07.2026
Oxunuş sayı: 62