Ukrayna məsələsi beynəlxalq gündəlikdən çıxır?
Ukrayna müharibəsi NATO-nun əsas gündəm mövzularından biri olaraq qalır. Bununla yanaşı, alyans daxilində bu məsələnin sammitlərdə təqdim olunma formasında dəyişiklik müşahidə edilir. Belə ki, bu dəfə Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlki illərdə olduğu kimi sammitin əsas fiqurlarından biri olmayacaq və əsas iclasda çıxış etməyəcək. Bu yanaşma ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsinə münasibəti fonunda NATO-nun daha ehtiyatlı siyasi xətt seçməsi ilə əlaqələndirilir. Beləliklə, alyans Ukraynaya dəstəyini davam etdirsə də, mövzunu əvvəlki qədər ön plana çıxarmır. Bu isə NATO daxilində siyasi prioritetlərin və balansın dəyişdiyini göstərən məqamlardan biri kimi qiymətləndirilir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Sultan Zahidov Tramp faktorunun NATO-nun gündəliyinə və qərarlarına nə dərəcədə təsir etdiyi barədə Crossmedia.az-a danışıb. Onun sözlərinə görə, NATO yarandığı vaxtdan etibarən onun üçün həmişə ən əhəmiyyətli faktor ABŞ-nin istəkləri və qərarları olub:

"Çünki NATO-nun yaranmasının əsas təşəbbüskarı və memarı ABŞ idi. O zaman ABŞ istəyirdi ki, NATO vasitəsilə həm sosializmin Avropaya yayılmasının qarşısını alsın, həm də bu yolla Avropada təsir imkanlarını genişləndirsin. Eyni zamanda NATO-nun ən böyük töhfəçisi ABŞ olduğuna görə, sözsüz ki, ABŞ-nin qərarları və mövqeyi NATO-nun siyasətinə ciddi şəkildə təsir göstərməkdədir. Trampın prezidentliyi dövründə Avropa-ABŞ əlaqələrində, yəni transatlantik əlaqələrdə müəyyən gərgin məqamlar yaşandı. Trampın bəyanatları, o cümlədən Avropanın müdafiəsində Avropanın məsuliyyət götürməsi ilə bağlı verdiyi bəyanatlar, Rusiya-Ukrayna müharibəsində daha neytral tərəf olmağa çalışması istər-istəməz NATO-nun Avropa üzvlərinin fərqli siyasət yürütməsinə, öz hərbi imkanlarını genişləndirməsinə və ABŞ-dən asılılığını azaltmaq yönündə addımlar atmasına gətirib çıxardı. Bu da alyans daxilində, xüsusilə də Ukrayna və İran məsələlərində ABŞ ilə Avropa arasında zaman-zaman fərqli fikirlərin yaranmasına səbəb olur. Necə ki, Rusiya-Ukrayna məsələsində Tramp Avropanın ondan gözlədiyi dəstəyi təmin etmədi, İran məsələsində də Tramp Avropadan məyus qaldı. Hətta bundan əvvəlki bəyanatında da bildirdi ki, “Mən sadəcə Avropanı test edirdim və Avropa bu sınaqdan çıxmadı”. Reallıq ondan ibarətdir ki, NATO-nun 5-ci maddəsi İran məsələsində işlək ola bilməz. Ona görə ki, bu maddə yalnız üzv ölkələrə hücum olduğu halda tətbiq oluna bilər".
S.Zahidov qeyd edib ki, İran məsələsində ABŞ-yə hər hansı bir hücum baş vermədiyindən, 5-ci maddənin işə salınması qeyri-mümkündür:
"Amma buna baxmayaraq, Tramp faktoru, ABŞ-ın dünyanın ən qüdrətli dövlətinin başçısı və NATO-nun ən güclü üzvü kimi NATO-nun siyasətinə təsir edir. Biz bunu Ankarada başlayacaq sammitdən də görürük. Zelenskinin sammitin əsas iclasında iştirak etməməsi bunun bariz nümunəsidir. Çünki NATO üzv ölkələri də görür ki, ABŞ ilə münasibətləri daha da gərginləşdirmək istəmirlər. Hər nə qədər onlar ABŞ-dən müstəqil siyasət yürütməyə çalışsalar da, yaxın zamanda bunun baş verməsi qeyri-mümkündür. Hazırda da ABŞ Avropanın hərbi və siyasi məsələlərində önəmli yer tutmaqdadır".
Müsahibimiz əlavə edib ki, NATO-da həm Ukrayna məsələsi, həm də İran məsələsi ilə bağlı fikir ayrılıqları var:
"Fikir ayrılıqları yalnız bu mövzularla məhdudlaşmır. Burada fikir ayrılığı yaradan əsas səbəblərdən biri NATO üzvlərinin müdafiə xərcləri ilə bağlıdır. Xatırlatmaq lazımdır ki, Haaqa sammitində qərar alındı ki, üzv ölkələr 2035-ci ilə qədər hərbi xərcləri ümumi daxili məhsulun 5 faizinə çatdırsınlar. Bu öhdəliyi yerinə yetirəcəyini bildirən dövlətlər də var. Amma bu öhdəliyi yerinə yetirməyəcək dövlətlər də var ki, məsələn, İspaniya onların başında gəlir".
Fatimə Məmmədova
14:30 08.07.2026
Oxunuş sayı: 60