Bu gün 2 milyard 400 milyondan yuxarı insan süni intellektdən istifadə edir
Süni intellektin tarixi bizim bildiyimizdən daha qədimdir, amma bizi innovasiya dövrünə gətirən məhz generativ süni intellekt və böyük dil modellərinin ortaya çıxmasıdır. Bunun da müəyyən müddət ərzində məktəbi olmuşdur, amma 2022-ci ildən ictimailəşdirilərək böyük bir əhalinin istifadəsinə verildi.
Crossmedia.az xəbər verir ki, bunu Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli Azərbaycan Mətbuat Şurasında keçirilən "Süni intellektin media sektoruna təsirləri: fürsətlər və risklər” adlı tədbirdə deyib.
M.Ələsgərli əlavə edib ki, həmin zamandan cəmi 4 il keçib: "Bu gün bir çox insan “ChatGPT” texnologiyası ilə tanışdı. Amma indi artıq onun müxtəlif variantları, modelləri ortaya çıxıb. “Gemini”, “OpenAI”nın təqdim etdiyi modellər, “Google”un özünün təqdim etdiyi modellər var. Müxtəlif şirkətlər, müxtəlif platformalar generativ süni intellektlə bağlı öz modellərini təqdim edirlər. 4 il müddətində süni intellekt o qədər cəlbedici olub ki, son statistik məlumata görə, artıq dünyada 2 milyard 400 milyondan yuxarı insan bu generativ süni intellekt texnologiyalarının istifadəçisidir. Yəni 4 il içində bu qədər əhatə dairəsi kifayət qədər yüksəkdir. Bu gün elə bir sahə yoxdur ki, bu generativ süni intellekt texnologiyaları ora daxil olmasın. Daxil olduğu sahələrdə də həm yaxşı, pozitiv təsirlər göstərir amma neqativ təsirləri var. Amma biz neqativ təsirlərdən danışanda, bu özünü daha çox informasiya-kommunikasiya sektorunda göstərir. Yəni informasiya-kommunikasiya sektorunda olduğu qədər süni intellekt başqa heç bir yerdə narahatlıq doğurmur. Ən çox narahatlıq məhz buradadır. Çünki onun yaratdığı fəsadlar daha çox burada özünü biruzə verir. Əlbəttə, bugünkü jurnalistikanı, bugünkü kommunikasiya işini süni intellektdən kənar təsəvvür etmək mümkün deyil. Çünki sosial şəbəkələr, onlayn media platformaları o qədər inkişaf edib, o qədər sürətli xəbər istehsal edirlər ki, bunu insan əməyilə çatdırmaq bir qədər qeyri-mümkündür. Xüsusilə gündəlik təkrarlanan işlərdə, məsələn, səsli mətnin yazılı mətnə çevrilməsi, veb-dizayn işlərinin aparılması, mətn tərtibatı, fakt axtarılması kimi ən geniş sahələrdə bundan istifadə olunur".
Müşfiq Ələsgərli
həm də süni intellektin zərərlərindən danışıb: “Çox təəssüf ki, adətən
danışanda süni intellektin məzmun tərəfdən yaratdığı neqativlərə toxunuruq və
göstərilir ki, ehtiyatsız xəbərlərin yayılmasında, bəzən dezinformasiya
istehsalında süni intellektin böyük rolu var ki, bu da həqiqətdir. Məsələn,
bircə dənə statistikanı nəzərinizə çatdırım. Bilirsiniz ki, süni intellekt kimi
yeni terminlərdən biri dezinformasiyadır və dezinformasiya tarix boyu olub. Nə
qədər ki, xalqların, millətlərin, dövlətlərin qarşıdurması olub, nə qədər ki,
maraq çəkişmələri, müharibələr olub, yalançı informasiya yayımı və informasiya
savaşı da həmişə olub. Dezinformasiya, şüurlu şəkildə yaradılmış yalan
informasiya, təbii ki, olub. Amma diqqət yetirsək görərik ki, dezinformasiyanın
bu qədər populyarlaşması son 10 ilin məhsuludur. İlk dəfə 2016-cı ildə Amerika
nəşrləri, o cümlədən “Politico”, dezinformasiyanı yeni fenomen kimi elan etdi.
2016-cı ildən cəmi 10 il keçib. Bu 10 il müddətində dezinformasiya o qədər
inkişaf etdi ki, artıq bu ilin əvvəlində Davos İqtisadi Forumu dezinformasiyanı
dünya üçün ikinci nömrəli risk elan etdi. Dezinformasiya niyə bu qədər sürətlə
artır? Müxtəlif səbəblər var, amma başlıca iki səbəb var. Birincisi, sosial şəbəkələrin
sürətli inkişafıdır. Akademik mərkəzlər göstərirlər ki, sosial şəbəkələr düzgün
informasiya platformalarına nisbətən dezinformasiyanı 6 dəfə sürətlə yayırlar. Yəni
dezinformasiya yayılır, onu aşkar edənə, reaksiya verənə, ona qarşı çıxana qədər
artıq ictimai rəydə oturuşur. Bir budur. İkinci isə süni intellekt
texnologiyalarının dezinformasiyanın həm yaradılmasını, həm də yayılmasını sürət
baxımından 10 dəfəyə qədər artırmasıdır. Beləliklə, dezinformasiya informasiya
məkanında bu qədər sürətli bir hala gəlir və dünya üçün risklər səviyyəsinə
çatır. Süni intellekt nəinki yaradılmış, hazır dezinformasiyaların yayılmasında
rol oynayır, həm də özü bəzən dezinformasiya yaradıcısı kimi çıxış edir. Süni
intellekt bu gün yalançı saytlar yaradır, onun üçün müxtəlif auditoriyalar
formalaşdırır, başqa dezinformasiya yayan saytları lazım gələndə “like” edir,
bot sürüləri yaradır və nə istəyirsə edir. Ona görə də dezinformasiyanın kəmiyyəti
çox sürətlə artır və hər kəs də bu gün bundan danışır. Amma biz media təmsilçiləri
olaraq bizim problemimiz heç də süni intellektin dezinformasiya yayılmasından
bitmir. Mən istəyirəm, o danışılmayan hissələrə bu gün biz diqqət yetirək. Süni
intellekt bizə necə təsir edir? Hansı problemləri yaradır? İki əsas məqam var,
mən onun üzərində dayanmaq istəyirəm. Elə olub ki, 3-4 il əvvəl insanlar
informasiya axtaranda Google üzərindən axtarış verirdilər, yaxud da başqa
axtarış platformalarından istifadə edirdilər. Mən Google-u nümunə olaraq deyirəm,
çünki daha çox istifadə olunan odur. Google gedirdi, axtardığın informasiyanın
linkini, mənbəsini sənə göstərirdi və deyirdi ki, buradan oxu. Və sən istər-istəməz
o informasiyanı oxuyanda həm də onun yaradıcısını görə bilirdin. Yəni bunu kim
yaradıb, hansı linkdə yerləşdirib, harada qoyub, sən onu görürdün. Bu gün biz
eyni informasiyanı “ChatGPT”dən soruşuruq. “ChatGPT” bizə, xüsusi olaraq tələb
etməsən, nə link gətirir, nə mənbə göstərir və s. Yəni “ChatGPT” deyirəm nümunə
olaraq, bütün o generativ süni intellekt modellərinə aiddir. Onlar virtual məkanda
hazır olan materialları götürür, onun xülasəsini çıxarır və bizə təqdim edirlər.
Məsələn, nümunə deyirəm, biz soruşuruq, “Stekan nədir?” O, bütün şəbəkələri
saniyələr ərzində axtarır və stekan haqqında sənə qısa məlumat verir. Amma bu məlumatı
kim yaradıb, onun haqqında məlumatı platformalara kim yerləşdirib, harada qoyub
— bax, onun barəsində məlumat yoxdur. Əgər xüsusi istəməsən, vermir. Yəni bu
gün insanlar auditoriyaya gedib ayrı-ayrı linkləri axtarmırlar. “ChatGPT”nin
2-3 dəqiqə ərzində sənə verdiyi məlumatı insan oxuyur və buna razı qalır. Deməli,
nə oldu? Auditoriya axdı, getdi süni intellekt texnologiyalarının üstünə. Amma
biz media adamları bilirik ki, o hazır materialları virtual məkandan götürmək
üçün onu yaratmaq məqsədilə biz gündəlik əmək sərf edirik, maliyyə sərf edirik,
reportajlar, ezamiyyətlər, maaşlar və s. kimi xərclərimiz olur. Deməli, media
redaksiyaları zəhmət çəkirlər, əziyyət çəkirlər, xərc çəkirlər, informasiyanı
yaradırlar, amma “ChatGPT” onu götürüb hazır şəkildə verir və auditoriyanı digər
platformaların üzərinə axıdır. Amma media platformasından oxunanda, həmin məlumatın
axını artdıqca oxucunun həmin media platformasına, belə deyək ki, media
subyektinə yönəlməsi baş verir, ona reklam gəlir, elan gəlir. Deməli, biz bu
yolla çox böyük bir maliyyə mənbəyindən məhrum oluruq. Ona görə ki, generativ
süni intellekt texnologiyaları bax bu cür vəziyyət yaradırlar. İkinci ən ciddi
problemlərdən biri nədən ibarətdir? Müəllif hüquqlarının pozulması ilə
bağlıdır. O da dediyim hissəyə aiddir. Əgər “ChatGPT” bu gün mənim istehsal
etdiyim məlumatı sabah sənə başqa bir kontekstdə hazır şəkildə verirsə, mənə
istinad etmirsə, məni göstərmirsə, onda jurnalist olaraq mənim əməyim bir daha
və müəllif hüquqlarım pozulmuş olur. Beləliklə, süni intellekt
texnologiyalarının, generativ texnologiyaların media üçün yaratdığı problemlər
təkcə məzmun baxımından dezinformasiya və feyk xəbərlər kontekstində deyil.
Ayhan
18:55 24.08.2026
Oxunuş sayı: 53