Mikayıl Müşfiqə 3 güllə vurub, dənizə atdılar - Firudin Qurbansoy
Mikayıl
Müşfiqin ölümü haqqında araşdırmam davam edir. Bu həftə maraqlı bir fakt əldə
etmişəm. Faktı təqdim edirəm: “1938-ci ilin yanvarın 5-də Müşfiqin ölüm
hökmü icra olunur. Bundan sonra serjant Əli Əlistan (1109 saylı məhbusun
kamerasına təyin edilən milis işçisi) 1109 saylı məhkumun (Müşfiqin) meyitini
palaza bükülmüş halda təcili kameradan çıxararaq aparır. Kapitan Sinman
istintaq idarəsinə verdiyi ifadədə göstərir ki, 1109 saylı məhkumun meyidinin tələm-tələsik
aparılmasını Mərkəzi Komitədə bilirdilər. İstintaq idarəsinin rəisi Ağasəlim
Atakişiyev verdiyi ifadələrin birində qeyd edib ki, Mircəfər Bağırov şairin
ölümündən xəbərsiz idi. Hadisəni biləndən sonra Əli Əlistana şairi dəfn etməyi
tapşırır. Əli Əlistan 1109 saylı məhkumun – Mikayıl Mirzə Əbdülqadir oğlu
İsmayılzadənin meyitini Bayıl qəbiristanlığına aparır. Orada adsız qəbirlərin
birində dəfn edir. Bu yazının müəlliflərindən biri Rövşən Novruzoğlu Əli Mərdan
oğlu Əlistanla 1994-cü il may ayının 27-də Prezident yanında Xüsusi İdarədə
görüşüb. Görüş idarənin rəisi, sonralar xaincəsinə qətlə yetirilmiş polkovnik Şəmsi
Rəhimovun otağında olur. Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, fəxri
çekist mərhum Kamal Əlisəttar oğlu Əliyev də görüşdə iştirak edib. Söhbətdən
sonra mayın 27-də saat 17:30-da Əli Mərdan oğlu Əlistan Rövşən Novruzoğlunu və
polkovnik Kamal Əliyevi Bayıl qəbiristanlığına aparıb üzərində kiçik başdaşı
olan bir qəbri göstərib hönkürür. Sonra da, başdaşının üstündə yazılmış Əli
sözünü nişan verir. “Bu sözü mən yazmışam. Qəbir itməsin deyə, onun da üstündə
Allah sözü yazdım” deyir”.
Əli Əlistan onu əlavə edir ki, şairin məzarı ətrafında Azərbaycanın onlarca tanınmış, sevilən insanlarının məzarları var: “Onların hamısı Sumbatovun, Qriqoryan Xoren İvanoviçin, Markaryan Ruben Ambarsumoviçin, Borşşevlərin, Yemelyanovların hökmü ilə öldürülüb. Ayrılarkən Əli kişi dağılmış, batmış, adsız, ünvansız məzarlardan birini nişan verib deyir: “Qurani-Kərimi Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş 83 yaşlı Seyid Mirəli Məhəmmədini də sürüyə-sürüyə bu qəbirə atdılar. Onun Nargin adasında öldürüldüyü deyilirdi, amma yalandır. Onu başına döyə-döyə öldürdülər. Ölüm hökmü isə ertəsi gün çıxdı”.
Fakta aydınlıq gətirmək üçün filologiya üzrə fəlsəfə doktoru, Mikayıl Müşfiq haqqında “Göylərin lacivərd ətəklərində: sənədli povest-kollaj” əsərinin müəllifi Firudin Qurbansoyla əlaqə saxladım: “Bu məsələ haqqında hazırda fakt yoxdur. Fakt onda olur ki, konkret gəlir qəbirin üstünə, deyir ki, hə, burada “Allah” yazılıb. Sonra da ekspertizanı çağırırsan, o sümükdən müəyyən hüceyrələri götürür və bunun tədqiqi nəticəsində müəyyən edilir ki, bu hansı genlərdəndir, kimlərdəndir. Onun bacılarının qəbri var, atasının qəbri var. Oradan da hüceyrələri götürürlər, tutuşdururlar, deyirlər ki, bu, onundur, ya yox. Lənkəranda onun qardaşı Mirzə 1975-ci ilə qədər sağ idi. Bir rusla evlənmişdi, bir qızı da var idi. Uzaq başı gedib onu da axtarıb, tapmaq olar. Bilirəm ki, o, indiyə qalmaz. Qəbrini açıb, hüceyrə götürmək də elə bir problem deyil. Müşfiq haqqında o qədər mənasız, heç nəyə söykənməyən sözlər var ki. Məsələn, bir fikir var ki, güya Müşfiq dostunun bacısına məhəbbət elan edib. Bu, ömründə ola bilməz. Dağlılarda bu namussuzluq sayılır. Ömründə edə bilməz. Hamısı boş sözlərdir. Bilmirlər kimin haqqında nə desinlər, kim özünü necə tanıtsın. Müşfiqin ölümü haqqında rəsmi sənəd var. Rəsmi sənədində yazılıb: güllələnsin. Ola bilər ki, ölümün icra sənədi düşsün hardansa. Amma təzədən yoxlamaq olar da. Mən o versiyanı müdafiə edirəm ki, ölüm cəzası kəsiləndən sonra onu o dəqiqə icra ediblər. Daha bunu sabaha saxlamayıblar. Ancaq ki, onu öldürənin özünün etirafları var. Onu öldürən adam haqqında da yazıblar. Bu hadisələri Gülhüseyn Hüseynoğlu da yazıb”.

F.Qurbansoy əlavə edib ki, Müşfiqin poeziyası xalqın ruhundan, canından gəlir: “Amma fakt olmasa, xəyallarla çox şey demək olar. Mən o sənədlərini oxumuşam. Mənə veriblər onun qovluğunu. Çox böyük materiallardır. Hamısını köçürmüşəm. Bir povest də yazdım. Sonra böyüdüb, onu roman elədim. Yəni mən o sənədlərə inanıram, arada gəzən sözlərə yox. Bir dəfə haradasa eşələyib çıxardım ki, 1949-cu ildə Ali Məhkəmə qərarı ilə ölüm sənədi vermişdilər Müşfiqə. O barədə də yazdım ki, Müşfiqin bəraət aldığı sənədin bir paraqrafı belə idi ki, müsadirə olunan əşyaları qaytarmaq, əgər qaytarmaq mümkün deyilsə, böyük bir məbləğdə pul verəcəkdilər. Mən yazdım ki, bu onunla bağlı ola bilər. Yoxsa necə olur ki, Müşfiq güllələnəndən 11-12 il sonra gedib araşdırıb, belə bir şey tapıblar. Bu əlbəttə ki, yalandır. Əgər güllələmə qərarı verilibsə icra olunmalıdır. Hansı ki, güllələyiblər də. Müşfiqin qəbirinin olmasını hamımız istəyərik. Müşfiqə Bakının gözəl bir yerində, yaxud da Xızıda bir mavzoley tikilsə çox gözəl olardı. Çünki Müşfiq sıradan bir adam deyil”.
18:15 24.08.2026
Oxunuş sayı: 61