Laçında Beynəlxalq Film Festivalı başladı
Bu gün Laçın şəhərində Beynəlxalq Film Festivalı (Lachin International Film Festival - LIFF) başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ayın 27-nə qədər davam edəcək festival “Where Film Meets LIFE” şüarı ilə keçirilir. Tədbir Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı kimi regionun mədəni həyatında yeni səhifə açacaq.
Festivalda nümayiş olunmaq üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onların 38-i festivalın əsas proqramına daxil edilib. Festival çərçivəsində həmçinin 18 yerli film göstəriləcək. Azərbaycan kinosundakı gənc nəslin yeni yaradıcılıq baxışlarını bir araya gətirən bu filmlər müasir milli kinematoqrafiyamızın rəngarəngliyini və inkişaf dinamikasını əks etdirir.
Müsabiqədə qalib gələn 7 film Laçın Beynəlxalq Film Festivalının rəsmi mükafatı olan “Qızıl Palıd Budağı”na layiq görüləcək.
Festivalın əsas məqsədləri Azərbaycan kinematoqrafçılarının beynəlxalq kino ictimaiyyəti ilə əlaqələrini genişləndirmək, müxtəlif ölkələrdən olan kino peşəkarlarını bir araya gətirmək, yeni yaradıcı əməkdaşlıqlar üçün imkan yaratmaq, Laçının beynəlxalq kino və yaradıcı sənaye məkanı kimi potensialını nümayiş etdirməkdir.
16:42 24.08.2026
Oxunuş sayı: 40