Prezidentin Özbəkistana dövlət səfəri: strateji tərəfdaşlıqdan əbədi dostluğa
Azərbaycan və Özbəkistan arasında son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsinə şərait yaradıb. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də iki ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və əldə olunan siyasi razılaşmaların konkret iqtisadi layihələrlə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin gündəliyində iqtisadi əməkdaşlıqla yanaşı, nəqliyyat, logistika, energetika, sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə əlaqələrin inkişafının da xüsusi yer tutması gözlənilir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə yanaşı, dövlətlərin strateji maraqlarının və gələcəyə baxışlarının üst-üstə düşməsi dayanır: “Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi isə bu əlaqələrə yeni siyasi məzmun qazandırıb. Hazırda iki ölkə arasında 220-yə yaxın sənədi əhatə edən geniş müqavilə-hüquq bazasının formalaşması əməkdaşlığın sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu baxımdan səfər çərçivəsində əldə olunacaq yeni razılaşmaların əhəmiyyəti yalnız mövcud hüquqi bazanın genişləndirilməsi ilə məhdudlaşmaycaq. Əsas məsələ siyasi iradənin konkret iqtisadi layihələrə, investisiyalara, birgə müəssisələrə və yeni əməkdaşlıq mexanizmlərinə çevrilməsidir. Xüsusilə sənaye, kənd təsərrüfatı, energetika, rəqəmsal texnologiyalar, turizm və digər sahələrdə birgə layihələrin genişləndirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan verəcək”.
Deputat bildirib ki, Azərbaycan və Özbəkistanın əməkdaşlığının mühüm xüsusiyyətlərindən biri də münasibətlərin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional əhəmiyyət kəsb etməsidir: “Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri kimi Şərqlə Qərbi birləşdirən strateji məkanlarda yerləşir. Bu coğrafi üstünlük iki ölkəni nəqliyyat, logistika və ticarət marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Xüsusilə Orta Dəhlizin artan geosiyasi və iqtisadi əhəmiyyəti Azərbaycan–Özbəkistan əməkdaşlığı üçün yeni imkanlar açır. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
S.Salmanova vurğulayıb ki, Azərbaycan–Özbəkistan əməkdaşlığının regional əhəmiyyəti həm də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından xüsusi məna daşıyır: “Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılmasına, qarşılıqlı bağlılığın gücləndirilməsinə və beynəlxalq arenada ortaq maraqların daha fəal müdafiəsinə xidmət edir. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin sadəcə növbəti diplomatik hadisəsi deyil, müttəfiqliyin praktiki nəticələrini daha da genişləndirəcək mühüm siyasi mərhələdir. Qarşıdakı dövrdə əsas vəzifə formalaşmış yüksək siyasi etimadı daha böyük iqtisadi nəticələrə, yeni sənaye və investisiya layihələrinə, geniş nəqliyyat-kommunikasiya imkanlarına və regionlararası əməkdaşlığın yeni modelinə çevirməkdir”, - deyə o qeyd edib.
Zərnigar Hüseynli
18:00 24.08.2026
Oxunuş sayı: 46