Qarabağ məsələsinin həll edilməsi Rusiyanın mövqeyini zəiflətdi - Rəy
Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsi təkcə iki ölkə arasındakı münasibətlərə deyil, regiondakı siyasi və geosiyasi vəziyyətə də təsir göstərə bilər. Ermənistan Baş naziri Nikol Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərinin dəyişməsinə səbəb olacaq. Sülhün əldə olunması və regional kommunikasiyaların açılması Ermənistanın Rusiyadan siyasi, iqtisadi və nəqliyyat asılılığını azalda bilər.
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlamasında bildirib ki, SSRİ kimi bir imperiyanın dağılmasından sonra onun varisi olan Rusiya təsir dairəsindəki coğrafiyalarda və müstəqil dövlətlərdə süni münaqişələr yaradaraq uzun illər həmin ölkələr üzərində təzyiq və təsir imkanlarını qoruyub saxlamağa çalışıb: “Azərbaycan-Ermənistan sülh prosesi, xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanması, eləcə də Ermənistanın həm 2022-ci ildə Praqada, həm də 2025-ci il avqustun 8-də imzalanan sənəddə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Rusiyanın Azərbaycan və Ermənistan üzərində mövqelərini zəiflətdi. Çünki Qarabağ münaqişəsi uzun müddət Rusiyaya həm Azərbaycan, həm də Ermənistan üzərində təsir imkanları yaradırdı və bu təzyiq imkanları birdən-birə aradan qalxdı. 2020-ci il 44 günlük Vətən müharibəsindən dərhal sonra, yəni 10 noyabr atəşkəs sənədi çərçivəsində elə müddəalar nəzərdə tutuldu ki, Rusiya uzun müddət regionda – həm Azərbaycan, həm Ermənistan, o cümlədən Qarabağ üzərində təsir imkanlarını saxlaya bilsin. Ancaq bu da baş vermədi və nəhayət, Rusiya 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatından sonra qoşunlarını Azərbaycan ərazisindən – Qarabağdan çıxarmaq məcburiyyətində qaldı. O gündən bu günə Rusiyanın təsir imkanları getdikcə daralır, zəifləyir və yox olur. Bu gün Rusiyanın Azərbaycan üzərində demək olar ki, hər hansı təzyiq elementi və təsir imkanı mövcud deyil. Ancaq Ermənistan üzərində hələ də iqtisadi, siyasi, hərbi, enerji və nəqliyyat sahələrində təsir imkanları var”.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlər sülh prosesi çərçivəsində möhkəmləndikcə, proses dərinləşdikcə, iki ölkə arasında əməkdaşlıq, ticarət və nəqliyyat-kommunikasiyaların açılması kimi məsələlər inkişaf etdikcə bu, Rusiyanın imkanlarını zəiflətməklə yanaşı, Moskvanı ciddi şəkildə narahat edəcək: "Rusiyanın təsir imkanları məhdudlaşdıqca, onun Ermənistan üzərindəki təsiri də sürətlə zəifləyəcək. Ona görə də bu proses Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək. Ermənistan nəqliyyat-kommunikasiyalarını bərpa etdikcə, Azərbaycan bütün kommunikasiyaları açdıqca, həmçinin perspektivdə TRIPP – Zəngəzur dəhlizi açıldıqca, Naxçıvandan və Ermənistan ərazisindən Türkiyəyə avtomobil və dəmir yolu çıxışı təmin olunduqca, bu, Ermənistanın Rusiyadan asılılığını azaldacaq".
N. Miri vurğulayıb ki, əvvəllər Ermənistanın əsas quru nəqliyyat çıxışlarından biri Gürcüstan ərazisindən keçən Lars yolu idisə, indi kommunikasiyaların tədricən açılması ölkə üçün yeni alternativlər yarada bilər: “Bir tərəfdən Rusiyaya, o cümlədən Orta Asiyaya və İran vasitəsilə Hindistana yeni nəqliyyat-kommunikasiya imkanları yaranacaq. Digər tərəfdən isə Azərbaycan vasitəsilə Naxçıvana, Ermənistan ərazisindən isə Qars-Gümrü dəmir yoluna çıxış təmin ediləcək. Bu da Ermənistanı bir tərəfdən Türkiyə və Avropa İttifaqı ilə, digər tərəfdən Aralıq dənizi və Yaxın Şərq ölkələri ilə əlaqələndirəcək. Ermənistan üçün ciddi alternativlər yaranır. Bütün bunlar Azərbaycanla münasibətlər tənzimləndikcə və sülh prosesi gücləndikcə baş verir. Bu proseslər fonunda isə Rusiyanın imkanları zəifləyir. O baxımdan Rusiya-Ermənistan münasibətlərində gərginlik yaranacaq. Digər tərəfdən, Ermənistanın ticarət, iqtisadiyyat və nəqliyyat-kommunikasiya sahələrində mövqeləri gücləndikcə, ölkə sərhədlərini – istər İran, istərsə də Türkiyə ilə sərhədləri – özü qorumağa başlayacaq. Bu da Rusiyanın Ermənistan üzərində hərbi imkanlarının məhdudlaşdırılması anlamına gəlir. Rusiya onu da anlayır ki, perspektivdə Ermənistan Avrasiya bazarından çıxarsa və bu kontekstdə Rusiya və Avrasiya bazarlarına alternativlər yaransa, Ermənistanın Rusiyadan asılılığı azalacaq. Eyni məsələ enerji asılılığına da aiddir. Dəmir yolu idarəçiliyinin Rusiyanın əlindən alınaraq Ermənistana və ya başqa bir dövlətə verilməsi məsələsi də ciddi şəkildə gündəmdədir. Ermənistan bu məsələdə qətiyyən güzəştə getmək fikrində deyil. Çünki Ermənistan rəhbərliyi bunu tarixi fürsət kimi dəyərləndirir. Ona görə də bundan imtina edəcəyi gözlənilmir. Bütün bu məsələlər Rusiyanın təsir imkanlarını zəiflədir. Bu baxımdan Rusiya-Ermənistan münasibətlərində problemlərin yaranacağından danışılır. Azərbaycan Ermənistan-Rusiya münasibətlərinin pozulması istiqamətində hər hansı fəaliyyət göstərmir və göstərməyəcək də. Çünki Azərbaycan bu məsələdə maraqlı deyil. İki dövlət arasında münasibətlər həmin dövlətlərin suveren hüquqlarıdır. Azərbaycan bu məsələyə qarışmır və bunda maraqlı deyil. Bu, Ermənistanın daxili məsələsidir və proseslərin inkişafı fonunda təbii olaraq Rusiya-Ermənistan gərginliyinə gətirib çıxaracaq. Artıq Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxarılmasından məmnun olacağını bəyan edir. Perspektivdə Avrasiya İqtisadi İttifaqı ilə bağlı da belə bir qərarın qəbul edilə biləcəyi ehtimalı o qədər də az deyil. Bütün bunlar gərginlik yaradan amillərdir. Ona görə də Azərbaycanın bu təbii prosesə müdaxilə etməsi mümkün deyil. Çünki bu prosesi tətikləməyə ehtiyac yoxdur, proses onsuz da təbii şəkildə gedir. Yəni gərginlik öz-özünə yaranır və getdikcə daha da şiddətlənəcəyi hiss olunur. Nikol Paşinyan da bunu bildiyi üçün bu məsələni dilə gətirir. Azərbaycanın bu istiqamətdə fəaliyyət göstərdiyini düşünmək doğru deyil və belə bir fəaliyyətin olacağını da düşünmürəm. Azərbaycan sadəcə öz maraqları kontekstində hərəkət edəcək. Bu, istər siyasi, istər iqtisadi, istər yeni nəqliyyat-kommunikasiya, istərsə də təhlükəsizlik məsələləri baxımından öz milli maraqları çərçivəsində həyata keçiriləcək. Bu da normal milli maraqlar siyasətidir və burada heç kəs Azərbaycana bunu qadağan edə bilməz”.
Nuray Mehtiyeva
20:00 24.08.2026
Oxunuş sayı: 58