Şuşa Dövlət Musiqili Dram Teatrında Axundzadə ruhu canlandı
Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin ölməz əsəri “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan tamaşa nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, tamaşa 4 iyul 2026-cı il tarixində teatrın repertuarı çərçivəsində sənətsevərlərə təqdim olunub.
Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını və dövrünün ictimai düşüncəsini əks etdirən bu klassik komediya yeni səhnə yozumu ilə tamaşaçıların görüşünə gəlib. Tamaşada elm və tərəqqi ilə mövhumatın qarşıdurması, cəmiyyətin inkişafına mane olan köhnə düşüncə tərzi, eləcə də XIX əsr Azərbaycanının sosial-mədəni mənzərəsi satirik dillə təqdim olunur.
Səhnə əsərinin bədii həlli, aktyorların peşəkar ifası və dinamik quruluşu müəllifin əsas ideyasını tamaşaçıya təsirli şəkildə çatdıraraq klassik dramaturgiyanın bu gün də aktuallığını qoruduğunu nümayiş etdirib.
Qeyd edək ki, “Müsyö Jordan və Dərviş Məstəli şah” Azərbaycan teatr sənətinin qızıl fonduna daxil olan ən dəyərli klassik nümunələrdən biridir. Maarifçilik, elmə inam və cəhalətə qarşı mübarizə ideyalarını özündə birləşdirən əsər bu gün də teatr repertuarlarında xüsusi yer tutur və müxtəlif nəsillərin marağına səbəb olur.
11:37 05.07.2026
Oxunuş sayı: 99