Rusiya DİN-dən xəbərdarlıq: NFC vasitəsilə bank hesabları ələ keçirilir
Rusiyada dələduzların NFC texnologiyası vasitəsilə vətəndaşların bank hesablarına çıxış əldə etdiyi yeni sxem aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi TASS-ın sorğusuna cavab olaraq məlumat yayıb.
Nazirliyin məlumatına görə, dələduzlar qurbanlardan guya "yoxlama" məqsədilə başqa bir telefonu öz smartfonlarına yaxınlaşdırmağı xahiş edirlər. Bu zaman NFC texnologiyası vasitəsilə onlayn bank hesabına giriş üçün token ötürülür və cinayətkarlar hesab üzərində nəzarəti ələ keçirirlər.
Nazirlik həmçinin "NFC Gate" adlanan başqa bir sxem barədə də məlumat verib. Bildirilib ki, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək qurbanı rəsmi bank tətbiqi kimi maskalanmış zərərli proqramı telefona quraşdırmağa razı salırlar. Daha sonra istifadəçidən bank kartını telefonun arxa hissəsinə yaxınlaşdırması və PİN-kodu daxil etməsi tələb olunur. Bundan sonra cinayətkarlar müxtəlif regionlardakı bankomatlardan vəsaiti nağdlaşdıra bilirlər.
09:25 04.07.2026
Oxunuş sayı: 63