Rusiya kosmonavtlar üçün "Ay poliqonu" yaradır
Rusiya Federal Tibbi-Bioloji Agentliyi kosmonavtların Ay səthində fəaliyyətə hazırlanması üçün yerüstü analoq kompleksinin yaradılması üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə agentlik TASS-a məlumat verib.
FMBA-nın məlumatına görə, Kosmik Tibb və Biologiya Mərkəzi bu istiqaməti Rusiya kosmonavtikası üçün strateji prioritetlərdən biri hesab edir. Hazırlanan kompleksdə Ay səthinə yaxın şərait yaradılaraq kosmonavtların müxtəlif tapşırıqları yerinə yetirməsi məşq etdiriləcək.
Bildirilib ki, proqram çərçivəsində kosmonavtlar açıq kosmos fəaliyyətini, texnikaya xidmət və onun təmirini, yaşayış moduluna qayıdarkən Ay tozundan təmizlənmə prosedurlarını məşq edəcəklər.
Bundan əlavə, Ay tozunun təsirinə qarşı mübarizə üsulları, fövqəladə hallarda davranış protokolları, uzunmüddətli fiziki və psixoloji yüklənmələr zamanı ekipajın vəziyyətinin qiymətləndirilməsi də proqramın tərkib hissəsi olacaq.
FMBA eyni zamanda kosmonavtların uçuş şəraitinə uyğunlaşması üçün sensor və vestibulyar sistemləri hazırlayan trenajorlar, eləcə də Ay enişindən dərhal sonra ekipajın hazırlıq səviyyəsini qiymətləndirən metodikalar üzərində də işlədiyini bildirib.
09:34 04.07.2026
Oxunuş sayı: 70