250 ildən sonra ABŞ İstiqlal Bəyannaməsinin itirilmiş nüsxəsi Britaniyada tapıldı
Böyük Britaniyada ABŞ-nin İstiqlal Bəyannaməsinin təxminən 250 ildir itkin düşmüş nüsxəsi aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "UNIAN" nəşri məlumat yayıb.
Məlumata görə, sənəd Böyük Britaniyanın Milli Arxivində könüllü arxivçi Maykl Skurr tərəfindən tapılıb. Tapıntı ABŞ-nin Müstəqillik Müharibəsinə aid arxiv materiallarının kataloqlaşdırılması zamanı üzə çıxıb.
Belə ki, söhbət 1776-cı il iyulun 16–19-u arasında ABŞ-nin Nyu-Hempşir ştatının Ekseter şəhərində çap olunmuş tirajın cəmi 11 günümüzə çatan nüsxəsindən birindən gedir. Sənəddə ABŞ İstiqlal Bəyannaməsinin məşhur "həyat, azadlıq və xoşbəxtliyə can atmaq" ifadəsi də aydın şəkildə oxunur.
Araşdırmaya əsasən, sənəd 1776-cı il dekabrın 24-də İspaniya sahilləri yaxınlığında Britaniya Kral Donanmasının "Raisonable" gəmisi tərəfindən ələ keçirilən ABŞ-yə məxsus "Dalton" gəmisində olub. Gəminin kapitanı Elizer Consonun bəyannaməni səfərə çıxmazdan əvvəl Portsmut şəhərində əldə etdiyi bildirilir.
Sənədlər daha sonra "Raisonable" gəmisinin kapitanı Tomas Fitsherbert tərəfindən Londondakı Admirallığa göndərilib. Mütəxəssislərin fikrincə, bəyannamə hərbi kəşfiyyat məlumatları paketinin tərkib hissəsi kimi arxivə daxil edildiyi üçün əsrlər boyu diqqətdən kənarda qalıb.
Arxiv əməkdaşları eyni zamanda "Dalton" gəmisinin fəaliyyətinə icazə verən və həmin dövrdə Kontinental Konqresin prezidenti olmuş Con Henkokun imzaladığı rəsmi sənədi də aşkar ediblər. Bu sənədlər tapılan nüsxənin mənşəyini dəqiq müəyyən etməyə imkan verir.
08:46 04.07.2026
Oxunuş sayı: 68