Usik karyerasında sonuncu dəfə kiminlə döyüşmək istədiyinə qərar verib
Ukraynalı boksçu Aleksandr Usikin peşəkar karyerasını ABŞ-də keçirəcəyi vida döyüşü ilə başa vuracağı iddia olunur.
Crossmedia.az xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, Usikin komandası keçmiş dünya çempionu Deontey Uaylderlə mümkün qarşılaşma üçün yeni Zuffa Boxing promouter layihəsi ilə danışıqlar aparır.
Bildirilir ki, layihəyə UFC prezidenti Dana Uayt rəhbərlik edir və maliyyə dəstəyi Səudiyyə Ərəbistanı tərəfindən təmin olunur.
Usik ötən həftə ağır çəkidə WBA Super, WBC və IBF versiyaları üzrə dünya çempionu titullarından könüllü şəkildə imtina etsə də, karyerasını başa vurmadığını və son rəqs adlandırdığı vida döyüşünü keçirmək istədiyini açıqlayıb.
Boksçunun komandasının direktoru Sergey Lapinin sözlərinə görə, Usikin son rəqibi olmağa ən real namizəd məhz amerikalı Deontey Uaylderdir.
“Usik artıq bildirib ki, son rəqsi üçün rəqib kimi Deontey Uaylderi görür”, – deyə Lapin BBC Sport-a bildirib.
Məlumata görə, Uaylderin meneceri Şelli Finkel də rəsmi təklif daxil olacağı təqdirdə boksçunun bu döyüşə hazır olduğunu təsdiqləyib.
Hazırda tərəflər arasında danışıqlar davam etsə də, yekun razılıq hələ əldə olunmayıb.
BBC-nin yazdığına görə, Usik may ayında Misirdə Giza piramidaları yaxınlığında keçirilən döyüşdə niderlandlı kikboksçu Riko Verhoveni texniki nokautla məğlub etdikdən sonra WBC kəmərini müvəqqəti çempion Agit Kabayelə qarşı qorumağa hazırlaşırdı. Lakin o, tituldan imtina etdiyinə görə Kabayel tamhüquqlu dünya çempionu elan olunub.
Sergey Lapin bildirib ki, Usik–Uaylder döyüşünün ABŞ-də keçirilməsi ən real variant hesab olunur. Qarşılaşmanın dəqiq tarixi və məkanı isə hələ müəyyənləşdirilməyib.
07:30 04.07.2026
Oxunuş sayı: 79