NATO ABŞ-sız müdafiəyə hazırlaşır
ABŞ-nin Avropadakı hərbi iştirakının azalması fonunda NATO ölkələri Şərqi Avropanın müdafiəsi üzrə yeni strategiyalar hazırlayır.
Crossmedia.az xəbər verir ki, ˝The Economist˝ nəşrinin məlumatına görə, Almaniya Soyuq Müharibədən sonra ilk dəfə xaricdə daimi hərbi qüvvə yerləşdirərək Litvada 45-ci Tank Briqadasını gücləndirir.
Hazırda briqada Litva–Belarus sərhədində təlimlər keçirir. Məqsəd Vilnüsün müdafiəsini təmin etmək və Baltikyanı ölkələri Polşa ilə birləşdirən strateji Suvalki dəhlizini qorumaqdır. Almaniya bu briqadanın şəxsi heyətini 2027-ci ilin sonuna qədər təxminən 5 min nəfərə çatdırmağı, onu müasir tanklar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyi planlaşdırır.
Nəşr qeyd edir ki, ABŞ qoşunlarının bölgədəki sayının azalması Avropa müttəfiqlərini öz müdafiə imkanlarını artırmağa vadar edir. Bu çərçivədə Almaniya Avropanın ən böyük ordusunu formalaşdırmağı və 2029-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir.
Bununla yanaşı, NATO hesab edir ki, Avropa ölkələri hələ də strateji baxımdan ABŞ-dan tam müstəqil deyil. Kiel İnstitutunun hesabatına əsasən, alyansın Avropa üzvləri bir sıra hərbi imkanlar üzrə Vaşinqtonun dəstəyinə ehtiyac duyurlar.
Məqalədə Baltikyanı ölkələrin Rusiyadan qaynaqlanan təhlükələrə qarşı ən həssas regionlardan biri olduğu vurğulanır. Kiberhücumlar, dezinformasiya kampaniyaları, pilotsuz uçuş aparatları və sərhəd təxribatları bölgədə təhlükəsizlik risklərini artırır.
NATO eyni zamanda Ukraynadakı müharibədən əldə olunan təcrübəni nəzərə alaraq müdafiə konsepsiyasını yeniləyir. Alyansın qiymətləndirməsinə görə, dron texnologiyaları və süni intellekt dəstəyi ilə idarə olunan çoxsahəli əməliyyatlar gələcək müharibələrdə əsas rol oynayacaq. Bununla belə, ekspertlər tank və ağır zirehli texnikanın da əraziyə nəzarətin təmin olunması baxımından əhəmiyyətini qoruduğunu bildirirlər.
˝The Economist˝ yazır ki, Avropanın təhlükəsizliyi Ukraynanın müdafiəsinə göstərilən dəstəklə sıx bağlıdır. Nəşrin qənaətinə görə, Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsi Avropa ölkələrinə öz müdafiə imkanlarını gücləndirmək üçün əlavə vaxt qazandıra bilər.
00:19 04.07.2026
Oxunuş sayı: 53