Paşinyan İranın mərhum ali lideri Əli Xamenei ilə vida mərasimində iştirak edib
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 3-də Tehrandakı Böyük Müsəlla məscidində İran İslam Respublikasının ali lideri Əli Xamenei ilə rəsmi vida mərasimində iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝NEWS.am˝məlumat yayıb.
Ermənistan hökumətinin yaydığı məlumata görə, Paşinyanı səfərdə baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər nazirinin müavini Vaan Kostanyan və digər rəsmi şəxslər müşayiət ediblər.
Paşinyan İran Prezidenti Məsud Pezeşkian, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Əli Xameneinin ailə üzvlərinə başsağlığı verib. Ermənistanın baş naziri mərasim zamanı Xameneinin xatirəsini ehtiramla yad edib və başsağlığı kitabına qeyd yazıb.
Məlumata görə, Əli Xameneinin cənazəsi bu gün səhər Tehrana gətirilib və İran vətəndaşları onunla vidalaşmağa başlayıblar.
Tehranın ən böyük məscidlərindən biri olan Böyük Müsəllada Əli Xamenei, onun 14 aylıq nəvəsi Zəhra və qızı Büşranın tabutları yerləşdirilib. Bildirilir ki, onlar 28 fevral tarixində ABŞ və İsrailin hücumları zamanı həlak olublar.
Vida mərasimlərinin İranın bir neçə şəhərində 9 iyul tarixinədək davam edəcəyi və yas tədbirlərində 100-dən çox ölkənin nümayəndələrinin iştirakının gözlənildiyi bildirilir. Proqrama əsasən, mərasimlər 4–6 iyul tarixlərində Tehranda, 7 iyulda Qum şəhərində keçiriləcək. İyulun 8-də cənazənin İraqa aparılması, 9 iyulda isə Xameneinin doğulduğu Məşhəd şəhərində dəfn olunması planlaşdırılır.
23:49 03.07.2026
Oxunuş sayı: 56