Yaponiya üçün neft böhranı hələ də davam edir
Yaponiyada enerji təhlükəsizliyi ilə bağlı vəziyyət tam sabitləşməyib.
Crossmedia.az bu barədə ˝TASS˝agentliyinə istinadən xəbər verir.
ABŞ və İran arasında döyüşlərin dayandırılmasına dair anlaşma imzalanıb, Hörmüz boğazı üzrə gəmiçilik tədricən bərpa olunur və alternativ tədarük mənbələri sayəsində Tokio iyul ayında neft ehtiyacını 100% qarşılaya bilib. Lakin analitiklər hesab edir ki, neft böhranı hələ başa çatmayıb.
Yaponiya uzun illər neftin 90%-dən çoxunu Yaxın Şərq ölkələrindən, əsasən də Hörmüz boğazı vasitəsilə idxal edirdi. Bölgədə gərginlik və tədarükdə fasilələr yarandıqdan sonra Tokio alternativ mənbələr axtarmağa başlayıb.
İyul ayına qədər Yaponiya 10-dan çox ölkədən, o cümlədən ABŞ, Azərbaycan və Cənubi Sudandan neft alıb. Kiçik həcmdə Rusiya nefti də alınıb. Əsas alternativ tədarükçü isə ABŞ olub.
Yaponiya hökuməti strateji ehtiyatlardan istifadəni dayandırdığını, bu ehtiyatların isə böhran başlananda 250 gündən çox istehlakı qarşılaya biləcək səviyyədə olduğunu açıqlayıb.
Bununla belə, rəsmi Tokio bildirir ki, yeni tədarüklərin bir hissəsi uzunmüddətli müqavilələrə deyil, spot razılaşmalara əsaslanır. Hökumət resurs diplomatiyasını davam etdirəcəyini açıqlayıb.
Ekspertlərə görə, əsas problem neftin özü deyil, onun keyfiyyəti və uyğunluğudur. Yaponiya neft emalı zavodları əsasən Yaxın Şərq tipli xam neftə uyğunlaşdırılıb. ABŞ-dən gələn daha yüngül neftə tam keçid texniki baxımdan çətindir.
Yaponiya 2022-ci ildən sonra Rusiyadan neft alışını faktiki dayandırıb. Lakin Saxalin-2 layihəsi çərçivəsində məhdud həcmdə neft tədarükü yenidən bərpa olunub. Bununla belə, ümumi idxalda bu həcmin payı 1–2%-dən çox deyil.
Saxalin-1 layihəsindən mümkün tədarük isə hələlik sanksiyalar səbəbindən gündəmdə deyil.
Enerji bazarındakı qeyri-sabitliklə paralel olaraq Yapon yeninin məzənnəsi də kəskin şəkildə zəifləyib. İyulun əvvəlində dollar qarşısında yen 40 illik minimuma — 1 dollar üçün 162 yen səviyyəsinə düşüb.
Mütəxəssislər bildirir ki, bu enişin əsas səbəbi Yaponiya Mərkəzi Bankının uzunmüddətli yumşaq pul siyasəti və ABŞ ilə faiz fərqidir. Neft böhranı isə yalnız əlavə təzyiq yaradan amillərdən biridir.
02:10 04.07.2026
Oxunuş sayı: 52