Çin bu ölkənin sürücülük vəsiqəsini tanıyacaq
Qazaxıstan və Çin vətəndaşlarının milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.
Crossmedia.az xəbər verir ki, “Kazinform” bu barədə məlumat yayıb.
Razılaşma Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenovla Çinin ictimai təhlükəsizlik naziri Van Syaohun arasında Pekində keçirilən görüş zamanı əldə edilib. Tərəflər Qazaxıstan–Çin təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi və birgə fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Razılaşmanın vətəndaşların iki ölkə arasında səfərləri zamanı sürücülük vəsiqələri ilə bağlı prosedurların sadələşdirilməsinə imkan verəcəyi bildirilib.
Görüşün digər nəticəsi Qazaxıstan və Çin hökumətləri arasında Beynəlxalq Sərhədyanı Əməkdaşlıq Mərkəzi “Xorqos”da təhlükəsizlik və asayişin təmin edilməsi ilə bağlı sazişin imzalanması olub. Sənəd iki ölkənin aidiyyəti qurumları arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyənləşdirir və mərkəzin ərazisində təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur.
Məlumata görə, tərəflər həmçinin transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və digər müasir təhlükələrə qarşı mübarizə məsələlərini müzakirə ediblər.
13:43 08.09.2026
Oxunuş sayı: 44