Antalyada meşə yanğını yaşayış massivlərinə yaxınlaşdı
Türkiyənin Antalya vilayətinin Aksu və Serik rayonlarında meşə yanğınları yaşayış məntəqələrinə yaxınlaşıb, təhlükəli ərazilərdən yüzlərlə sakin təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Aksu rayonunun Karaöz məhəlləsi yaxınlığında başlayan yanğın güclü küləyin təsiri ilə sürətlə yayılaraq Kepez istiqamətinə keçib. Yanğına havadan və qurudan müdaxilə davam edir. Əraziyə 5 təyyarə, 10-dan çox helikopter, 110 yanğınsöndürən maşın və 600-dən çox əməkdaş cəlb olunub.
Yanğının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən Aksuda 254 evdən 720 nəfər təxliyə edilib. Hadisə ilə əlaqədar 2 097 abonentin elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Antalya valisi Hulusi Şahin yanğının təsirinin azaldığını və yaxın saatlarda nəzarətə götürülməsinin gözlənildiyini bildirib.
Serik rayonunda isə güclü küləyin təsiri ilə yayılan yanğın nəticəsində 5 ev, plastik istixanalar və kənd təsərrüfatı sahələri zərər görüb. Təhlükəli ərazilərdə yaşayan sakinlər təxliyə olunub.
Söndürmə işləri havadan və qurudan davam etdirilir.
13:24 08.09.2026
Oxunuş sayı: 48