Dünyanın ən böyük avtomobil bazarında satışlar çökdü
Çində avtomobil bazarında avqust ayında pərakəndə satışlar 24 faiz azalaraq 1,54 milyon ədədə düşüb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə Çin Minik Avtomobilləri Assosiasiyasının məlumatlarına istinadən yazıb.
Məlumata görə, dünyanın ən böyük avtomobil bazarında ilin əvvəlindən satışlar beşdə birdən çox azalıb. Satışların azalması fonunda Çin avtomobil istehsalçıları xarici bazarlara tədarükü artırmağa çalışırlar.
Avqust ayında Çinin avtomobil ixracı 78 faiz artaraq 888 min ədədə çatıb. Çin şirkətləri xüsusilə Avropa və Cənubi Amerika bazarlarında paylarını sürətlə artırırlar.
“BYD” şirkəti 2026-cı il üçün xarici bazarlarda satış hədəfini 1,5 milyondan 2 milyon avtomobilə yüksəldib. “Tesla”nın Şanxaydakı zavodunda istehsal olunan təxminən 86 min tam elektrikli avtomobildən 36 minə yaxını xarici ölkələrə göndərilib.
Bununla yanaşı, Çində avtomobil sənayesinin gəlirliliyi də zəifləyib. Sektorun ilin ilk yeddi ayında orta rentabelliyi 3,6 faiz təşkil edib. Bu göstərici Çinin emal və satış sektorunda qeydə alınan 6,5 faizlik orta rentabellikdən xeyli aşağıdır.
Məlumata görə, avtomobil bazarında uzunmüddətli geriləmə davam edir. Avtomobillərin qiymətlərinin azalması səbəbindən iyul ayında “BYD” də daxil olmaqla, bir sıra istehsalçıların gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Həmin ayda Çində minik avtomobillərinin ümumi satışı 21 faiz geriləyib.
14:28 08.09.2026
Oxunuş sayı: 53