Bu ölkənin baş prokuroru istefa verdi
Ukraynanın baş prokuroru Ruslan Kravçenko istefa ərizəsi təqdim edib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Kravçenko qərarını siyasi qarşıdurmalarla əlaqələndirib. O bildirib ki, baş prokuror vəzifəsinin siyasi mübahisələrdə alətə çevrilməsini istəmir və istefasını şüurlu şəkildə qəbul etdiyi siyasi qərar kimi qiymətləndirir.
İstefa Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAPO) araşdırmaları fonunda baş verib. Araşdırma Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşlarından birinin dələduzluqla məşğul olan çağrı mərkəzlərinin fəaliyyətinə himayədarlıq etməsi ilə bağlıdır.
Sentyabrın 4-də NABU və SAPO Baş Prokurorluğun ofisində axtarışlar aparıb. Araşdırma çərçivəsində qurumun əməkdaşı Sergey Kropiva saxlanılıb.
Kravçenko isə araşdırmada ittiham olunan fəaliyyətlə hər hansı əlaqəsinin olmadığını bildirib və daha əvvəl çağrı mərkəzlərinin qanunsuz fəaliyyətinə himayədarlıq etmədiyini açıqlayıb.
İstefa ərizəsinin qəbul edilməsi üçün Ukrayna prezidenti Vladimir Zelenskinin və Ali Radanın müvafiq qərar verməsi tələb olunur. Kravçenko açıqlamasında həm prezidentə, həm də parlamentə göstərdikləri etimada görə təşəkkür edib.
12:52 08.09.2026
Oxunuş sayı: 45