Emin Əmrullayev: Qızlar riyaziyyatda oğlanları qabaqlayıb
Azərbaycanda bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə ciddi problemlər müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, ayrı-ayrı bölgələrdə oxuyub-anlama üzrə aşağı nəticələr ölkənin ümumi göstəricisinə ciddi təsir göstərir.
“Bəzi bölgələrdə 80 faiz civarında oxuyub-anlama üzrə nəticələr aşağıdır. 88 faizə yaxın göstəricilər də var. Yerdə qalan bölgələrin çəkisi isə daha azdır. Böyük hissəni Bakı, Abşeron-Xızı və digər bölgələr təşkil edir. Ona görə də bu nəticələr ümumi göstəriciyə təsir edir”, – deyə E.Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü və sistemli iş aparılmalıdır.
Nazir sertifikatlaşdırma imtahanlarının nəticələrində də bu problemlərin özünü göstərdiyini vurğulayıb:
“Bu regionlarda əsaslı şəkildə işləmək lazımdır. Sertifikatlaşdırma imtahanlarında da bu məsələ ilə bağlı müəyyən nəticələri görmüşük. Həmin bölgələrdə müəllimlərlə böyük mənada iş aparmaq lazımdır”.
Emin Əmrullayev Lənkəran-Astara, Mil-Muğan, Salyan və Masallı kimi bölgələrdə təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
Nazirin sözlərinə görə, PISA nəticələri regionlar üzrə təhsildə uzun illər ərzində formalaşmış problemləri daha aydın şəkildə ortaya qoyur. Azərbaycanda PISA 2025 nəticələrinə əsasən, riyazi savadlılıq üzrə qız şagirdlər ilk dəfə oğlanları qabaqlayıb.
Nazir bildirib ki, təbiət elmləri və oxu savadlılığı üzrə də qız şagirdlərin nəticələri oğlanlardan yüksəkdir.
“Oxu savadlılığında da qızların nəticələri oğlanlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Belə ki, qızlar orta hesabla 38 bal üstünlük göstərirlər. Dünyada da təxminən belə bir fərq mövcuddur”, – deyə E.Əmrullayev bildirib.
Onun sözlərinə görə, riyazi savadlılıq üzrə isə əvvəlki illərdən fərqli nəticə qeydə alınıb.
“Riyazi savadlılıq üzrə Azərbaycan üçün fərqli mənzərə müşahidə olunur. Belə ki, ilk dəfə qız şagirdlər oğlanları bu istiqamətdə də qabaqlayıblar. Əvvəllər əsasən 4 bal civarında fərq olurdu. Amma indi biz fərqli nəticə görürük”, – nazir vurğulayıb.
Emin Əmrullayevin sözlərinə görə, PISA 2025 nəticələri Azərbaycanda şagirdlərin müxtəlif bacarıqları üzrə gender fərqlərinin də dəyişən mənzərəsini ortaya qoyur.
Ayhan
12:47 08.09.2026
Oxunuş sayı: 61