Parisdə komendant saatı uzadıldı
Fransanın paytaxtı Parisin bəzi rayonlarında etiraz aksiyaları və təhlükəsizliklə bağlı narahatlıqlar fonunda komendant saatının müddəti uzadılıb.
Crossmedia.az xəbər verir ki, “Le Monde” nəşri Paris Polis Prefekturasının məlumatına istinadən bu barədə xəbər yayıb.
Bildirilib ki, məhdudiyyətlər Respublika meydanı (Place de la République) və Le-Al (Les Halles) məhəlləsinin müəyyən hissələrini əhatə edir.
Komendant saatı hər gecə saat 23:00-dan səhər 06:00-dək tətbiq olunur və oktyabrın 26-sı səhərədək qüvvədə qalacaq.
Qərar oktyabrın 24-nə planlaşdırılan etiraz aksiyaları və əvvəlki nümayişlər zamanı baş vermiş iğtişaşlarla əlaqədar qəbul edilib.
Məhdudiyyətlər yalnız paytaxtın müəyyən ərazilərinə şamil olunur. Həmin ərazilərdə yaşayan sakinlər, iş yerinə gedən şəxslər və təcili xidmət əməkdaşları müvafiq təsdiqedici sənədlərlə hərəkət edə bilərlər.
Bundan başqa, şəhərin bir sıra ərazilərində əvvəlcədən razılaşdırılmamış nümayiş və toplantılara da müvəqqəti qadağa qoyulub.
09:30 24.10.2026
Oxunuş sayı: 49