Yola çıxan sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollarda hərəkət intensivliyinin artması və əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, BDYPİ bu barədə məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti yol hərəkəti təhlükəsizliyinə ciddi təsir göstərir.
Xüsusilə gecə və səhər saatlarında duman və çiskin səbəbindən görünüş məsafəsinin azalması sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını və nişanlama xətlərini vaxtında görməsini çətinləşdirir.
İdarə şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücüləri daha diqqətli olmağa çağırıb.
Sürücülərə sürəti hava və yol şəraitinə uyğun seçmək, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamaq, dayanma, durma, parklanma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub.
BDYPİ bütün yol hərəkəti iştirakçılarını özlərinin və yaxınlarının təhlükəsizliyini düşünərək qaydalara riayət etməyə çağırıb.
10:22 24.10.2026
Oxunuş sayı: 218