XII Bakı Kitab Sərgisində iki ölkənin ədəbi irsi bir araya gəldi
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimatı keçirilib
Crossmedia.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərindən, iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafından və bu istiqamətdə Akademiyanın həyata keçirdiyi layihələrdən danışıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlərin qurulmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr qardaşlıq səviyyəsinə yüksəlib və hazırda əməkdaşlıq bütün sahələr üzrə uğurla davam etdirilir.
O, AMEA-da Pakistanın tarixinin, dilinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi istiqamətində tədqiqatlar aparan elmi müəssisələrdən söz açaraq, Ədəbiyyat İnstitutunun Asiya xalqları ilə bağlı elmi tədqiqatlarının və Pakistan Mərkəzinin fəaliyyətinin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Mərkəzdə Azərbaycan və Pakistan tədqiqatçıları üçün hər iki ölkənin tarixi, dili və mədəniyyətinin araşdırılması istiqamətində geniş imkanlar yaradılıb.
AMEA prezidenti Akademiyanın Pakistanla elmi əməkdaşlığında Pakistan Ədəbiyyat Akademiyasının mühüm rolu olduğunu söyləyib. O, Akademiyanın rəhbəri, professor Nəcibə Arifin bu yaxınlarda AMEA-nın qonağı olduğunu, birgə tədbirlərdə iştirak etdiyini, tərəflər arasında müştərək nəşrlərin hazırlandığını və beynəlxalq konfransların təşkil olunduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli həmçinin Pakistanın bir sıra digər elmi-tədqiqiat müəssisəsi və universitetləri ilə də əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini bildirib.
O, Azərbaycan-Pakistan elmi-mədəni əlaqələrində görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin irsinin təbliğinin xüsusi yer tutduğunu vurğulayıb. Qeyd edib ki, Nizaminin dünya ədəbiyyatındakı mövqeyinin və Azərbaycan şairi kimi tanıdılmasının əhəmiyyəti nəzərə alınaraq, Pakistanlı tərəfdaşlarla birgə bu istiqamətdə ardıcıl iş aparılır. Pakistanda urdu dilində Nizami Gəncəvi haqqında kitab nəşr olunub, şairin irsinin tanıdılması məqsədilə müxtəlif nəşrlər və elmi materiallar hazırlanıb.
AMEA rəhbəri, həmçinin Azərbaycan alimlərinin Pakistan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının tədqiqi və tərcüməsi istiqamətində əldə etdikləri nəticələrdən danışıb. O, Pakistanın milli şairi Məhəmməd İqbalın həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyanın nəşrini, eləcə də Pakistan şairi Sultan Bahunun əsərlərinin ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək çap olunmasını bu əməkdaşlığın mühüm uğurları kimi dəyərləndirib.
Sonda akademik İsa Həbibbəyli Azərbaycan-Pakistan əlaqələrinin inkişafına töhfə verən alimlərə, tədqiqatçılara və bütün həmkarlara təşəkkürünü bildirib, iki ölkə arasında qardaşlıq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonra Pakistan Milli Kitab Fondunun direktoru Murad Ali Mohmand çıxış edərək Azərbaycan və Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, xalqların bir-birinə daha da yaxınlaşmasında ədəbiyyatın, kitab nəşrinin və qarşılıqlı tərcümələrin mühüm rol oynadığını bildirib.
“Hər iki ölkənin tarixini, mədəniyyətini və ədəbi irsini əks etdirən nəşrlər qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir”, – deyə Fond direktoru bildirib.
Pakistan Milli Kitab Fondunun tarixindən danışan Murad Ali Mohmand qurumun əsas məqsədinin ölkədə kitab mədəniyyətinin və ədəbiyyatın inkişafına dəstək vermək, mütaliə ənənələrini təşviq etmək və nəşriyyat fəaliyyətini genişləndirmək olduğunu diqqətə çatdırıb.
O, Pakistan Milli Kitab Fondunda Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatını təbliğ edən xüsusi guşənin yaradılmasını iki ölkə arasında qardaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Bildirib ki, Azərbaycandan Pakistana səfər edən nümayəndə heyətləri fondun fəaliyyəti ilə tanış olur, Azərbaycan mədəniyyətinə və ədəbi irsinə həsr edilmiş nəşrlər isə bu əlaqələrin davamlılığını təmin edir.
Murad Ali Mohmand Azərbaycan və Pakistan arasında nəşriyyat sahəsində əməkdaşlığın, xüsusilə kitabların qarşılıqlı tərcüməsi və nəşrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə tərcüməsinin Pakistan oxucularının Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verdiyini söyləyib.
Sonda direktor Azərbaycan-Pakistan münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə, kitab nəşri və tərcümə sahəsində əməkdaşlığın xalqlar arasında dostluq əlaqələrinin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, professor Bədirxan Əhmədov və həmin institutun baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva çıxış edərək Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələrinin inkişafında kitab nəşrlərinin və tərcümə fəaliyyətinin əhəmiyyətindən, iki xalqın tarixi və mədəni irsinin qarşılıqlı tanıdılmasında bu nəşrlərin rolundan bəhs ediblər.
Qeyd edək ki, təqdimat mərasimində AMEA tərəfindən Pakistanla bağlı 2021-2026-cı illərdə Azərbaycan dilində çap olunmuş “Sultan Bahu. Fəryad eylə ey könül…”, “Məhəmməd İqbal. Seçilmiş əsərləri”, “Pakistan: qısa tarixi-siyasi oçerklər” və Azərbaycanla bağlı Pakistanda urdu dilində nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi”, “Cəlil Məmmədquluzadə”, “Kitabi-Dədə Qorqud dastanı” və s. kimi əsərlər nümayiş olunub.
10:19 24.10.2026
Oxunuş sayı: 59