Hörmüz boğazında iki supertanker partlayıb
Hörmüz boğazında iki nəhəng neft tankeri dəniz minalarına toxunaraq partlayıb və hər iki gəmidə güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu barədə məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 23-də boğazın cənub hissəsində baş verib.
İran tərəfinin məlumatına görə, tankerlər müəyyən edilmiş məhdudiyyətləri pozaraq icazə verilməyən dəniz marşrutu ilə hərəkət etməyə çalışıblar.
Gəmilər dəniz minalarına toxunduqdan sonra güclü partlayışlar baş verib və yanğın nəticəsində onların mühərrik bölmələri sıradan çıxıb.
SEPAH-ın açıqlamasına əsasən, hər iki tanker hərəkət qabiliyyətini itirib, ekipaj üzvləri isə gəmiləri tərk ediblər.
Məlumata görə, tankerlər ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyıb.
Hadisə ilə bağlı görüntülərin İranın dövlət televiziyasında yayımlandığı bildirilir. Bununla belə, gəmilərə dəyən ziyanın miqyası barədə müstəqil təsdiq yoxdur.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft tədarükü üçün strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir.
09:38 24.10.2026
Oxunuş sayı: 187