9 yaşlı azərbaycanlı güləşçi Moskvada qızıl medal qazanıb
Azərbaycanı təmsil edən 9 yaşlı yunan-Roma güləşçisi Arif Hüseynov Moskvada keçirilən beynəlxalq turnirin qalibi olub.
Crossmedia.az xəbər verir ki, oktyabrın 17–18-də Rusiyanın paytaxtındakı İrina Viner adına Gimnastika Sarayında təşkil olunan X Beynəlxalq “Qələbə” turnirində Arif Vüsal oğlu Hüseynov qızıl medal qazanıb.
Azyaşlı idmançı yarışda uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Turnirin diqqətçəkən məqamlarından biri də Arif Hüseynova çempionluq kəmərinin əfsanəvi Kuba güləşçisi, beşqat Olimpiya çempionu Mixain Lopes tərəfindən təqdim olunması olub.
Qeyd edək ki, Mixain Lopes 2008-ci ildə Pekində, 2012-ci ildə Londonda, 2016-cı ildə Rio-de-Janeyroda, 2021-ci ildə Tokioda və 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Arif Hüseynovun beynəlxalq turnirdə əldə etdiyi nəticə onun idman karyerasında mühüm uğur kimi qiymətləndirilir.
09:25 24.10.2026
Oxunuş sayı: 125